"Geosiyasi gərginliyin davam etməsi və ABŞ inflyasiya, Federal Ehtiyat Sisteminin faiz endirimi gözləntiləri fonunda qızıl qiymətləri rekord səviyyəyə qalxıb".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov deyib.

Onun sözlərinə görə, qlobal bazarlarda 1 unsiya qızıl etibarlı aktivlərə tələbat nəticəsində daha da bahalaşaraq 2 600 ABŞ dollarını keçərək tarixi maksimumuna çatıb:

"İlin əvvəlindən qızıl qiymətlərinin 25%-ə qədər artması müşahidə edilmişdir. Yaxın Şərq və Ukraynadakı münaqişələr səbəbindən qiymətli metala olan tələbatın artması qiymətərə təsir edən digər amillərdir. Qiymət artımına mərkəzi banklar tərəfindən qiymətli metalın güclü alışı və birjadankənar bazarda güclü tələb də dəstək olur. Qlobal qeyri-müəyyənlik və geosiyasi risklərin artması fonunda ənənəvi olaraq güvənli maliyyə aləti hesab edilən qızıla tələbat artmaqda davam edir". 

R.Əmircanov bildirib ki, Şərqi Avropa və Yaxın Şərqdəki münaqişələr, eləcə də ABŞ və Çin arasındakı gərginlik qısa və ortamüddətli perspektivdə qızıl qiymətlərini artmağa davam edəcəyini göstərir: "ABŞ-də keçiriləcək prezident seçkiləri, faiz dərəcələrinin azalacağı gözləntiləri, eləcə də böyük invetstorlar və mərkəz bankları tərəfindən aktiv qızıl alışları fonunda qiymətli metal qiymətinin bir unsiya üçün 3 000 dollara qədər artması proqnozlaşdırılır. Geosiyasi vəziyyət qızılın qiymətini müəyyən edən əsas amillərdən biri olaraq qalacaq. Hazırda birjada qızılın 1 unsiyasının qiyməti 2 575 -2 585 ABŞ dolları arasında dəyişir. Belə ki, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 83 ABŞ dolları, 750 əyar qızılın 1 qramının qiyməti 62 ABŞ dolları, 585 əyar qızılın 1 qramının qiyməti isə 49 ABŞ dolları təşkil edir". 

"Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 150-160 manat, 750 əyar qızıl üçün 140-150 manat, 585 əyar qızıl üçün isə azı 110-115 manat təşkil edir. Araşdırmalar nəticəsində məlum olur ki, 999.9 əyar külçə və sikkələrə tələbat daha çoxdur. Belə ki, bu qiymətlilərin əyarı yüksək olduğuna görə daha çox investisiya vasitəsi olaraq alırlar. Bazarda alıcılar tərəfindən 585 və 750 əyar qızıl məmulatlarının alışında durğunluq yaşanır", -  "Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini əlavə edib.

 

Sadiq Cavadov​​​