Misirdə arxeoloqlar Nil çayının deltasının şimal-qərbində yerləşən qədim kazarmaları tədqiq edərkən nadir bir bürünc qılınc aşkar ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb. 

Alimlərin sözlərinə görə, qılıncın üzərində e.ə. 1279-1213-cü illərdə hökm sürən böyük firon II Ramsesin adını göstərən heroqliflər var. Qılınc kazarmaların girişindəki kiçik bir otaqda tapılıb ki, bu da silahın döyüş üçün nəzərdə tutulduğunu və dekorativ olmadığını göstərir.

Tədqiqatçılar hesab edirlər ki, qılınc yüksək rütbəli bir zabitə müəyyən xidmətlərinə görə kral mükafatı olaraq verilib.

Kazarmalarda həmçinin taxıl saxlamaq üçün istifadə olunan anbarlar və çörək bişirmək üçün sobalar tapılıb. Qazıntı yerində çoxlu sayda inək dəfnləri də aşkar edilib. Qədim Misirdə inəklər bolluq və firavanlıq simvolu kimi müqəddəs heyvanlar sayılırdı.

Alimlərin fikrincə, qədim Misir hərbi qarnizonu yaxşı təchiz olunmuşdu və Liviyalılardan gələn hücumların qarşısını almaq üçün nəzərdə tutulmuşdu.