Polşanın cənub və cənub-qərbində son illərin ən güclü daşqınlarından zərər çəkmiş ən azı 2600 sakin son 24 saat ərzində təxliyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə respublikanın baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Son 24 saat ərzində 2600 nəfər təxliyə edilib”, – o bildirib.

Məlumata görə, Polşanın cənub və cənub-qərbindəki Sileziya və Aşağı Sileziya vilayətlərində güclü yağışlardan sonra Nisa çayının (Oder çayının sol qolu) daşması səbəbindən irimiqyaslı daşqınlar baş verib. Daşqınlar 1997-ci ildən bəri ən güclüsü olub.

Qeyd edilib ki, Klodzko şəhərinin mərkəzi və Çexiya ilə sərhəddə yerləşən Yeleniya Qora şəhərinin bir hissəsi su altında qalıb. Ordu xilasedicilərə və yanğınsöndürənlərə yardım edir. KİV-in məlumatına görə, 4 nəfər ölüb. Ölkənin cənubunda 50 minə yaxın sakin işıqsız qalıb, 4 vilayətdə 350 məktəb bağlanıb.

 

Sadiq Cavadov