Hazırda Azərbaycanda qızılca riski davam edir. 2023-cü ilin aprel ayından etibarən qızılca xəstəliyinin alovlanması qeydə alınıb. Xəstəliyin alovlanması nəticəsində, əsasən, qızılcaya qarşı peyvəndi olmayan uşaqlar və yeniyetmələr xəstələnib.

İqtisadiyyat.az xəbər verir ki, artıq bu gündən Azərbaycanda yeni tədris ili başlayıb. Məktəblərin açılması ilə uşaqların eyni qapalı məkanda və bir-biri ilə sıx təmasda olması, müxtəlif infeksiyaların, o cümlədən qızılca xəstəliyinin yayılmasına səbəb ola bilər.

Bəs, bu xəstəliklərin qarşısını necə almaq olar?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısını almaq və profilaktik tədbirləri gücləndirmək məqsədilə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər uşaqlar və 11-40 yaş arasındakı əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.

"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48.734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək (QPM) vaksini və qızılca-məxmərək (QM) əleyhinə vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir" , - deyə əlavə edilib.

Məsələ ilə bağlı açıqlama verən pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, sentyabr ayından etibarən virusların aktiv olduğu dövr başlayır.

"Xüsusən payız fəslində viral infeksiyalar daha çox yayılır. Bağçaların və məktəblərin açılması altı yaşa qədər uşaqlar arasında infeksiyaların yayılmasına səbəb olacaq.

Bunun qarşısını almaq üçün bir neçə yol var. Birinci növbədə düzgün qidalanma, yuxu rejiminin qaydasında olması vacibdir.

Bundan əlavə, peyvəndlənmə və vaxtında həkim qəbulunda olmaq infeksiyaların qarşısını almağa kömək edə bilər" , - deyə o əlavə edib.