"Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin qətiyyətli, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, dəfələrlə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə dalğalanmasının qürurunu yaşadı. Onilliklərlə qəlbində Vətən miski ilə yaşayan xalqımız ən ümdə arzusuna çatdı. Artıq Azərbaycan bayrağı işğaldan azad olunan bütün rayonlarımızda dalğalanır. Şəhidlərimizin, soyqırımlara məruz qalmış vətəndaşlarımızın ruhları rahatdır".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

"Təbii ki, bu böyük məna daşıyan və böyük əhəmiyətə malik olan tarixi hadisədir. Çünki tarixi reallığı açıq şəkildə ifadə edir, əsrlər boyu bu torpaqlarda yaşayan insanların haqqlarının, ədalətin bərqərar olmasını təsdiqləyir. Bu, özündə Ulu Öndər və Heydər Əliyev siyasətinin təntənəsini tərənnüm edir. Belə ki, 90-ci ilin əvvəllərində müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşdiyimiz və torpaqlarımızın işğala məruz qaldığı vaxtda müdrik dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürmüş və şərəflə yerinə yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti Azərbaycanımızı tənəzzüldən tərəqqi yoluna çıxarıb, xalqımızın milli sərvəti olan müstəqilliyinin əbədi və dönməzliyini təmin edib", - deyə deputat söyləyib..
 
Ulu Öndərin siyasi varisliyinin təmin edilməsinə də toxunan deputat vurğulayıb ki, 2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev  verdiyi vədləri, ona bəslənilən bütün ümidləri ötən müddətdə müdrik fəaliyyəti ilə ən mükəmməl şəkildə doğruldub, Heydər Əliyevin layiqli varisi olduğunu sübuta yetirib.

O qeyd edib ki, nəticədə Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz böyük uğurlar əldə edib:

"Azərbaycan ötən 20 il ərzində böyük infrastruktur layihələri həyata keçirməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları cəlb etməklə iqtisadi sahədə böyük uğurlar qazanıb. Bunun nəticəsində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınıb. Siyasi sabitlik baxımından respublikamız bir çox ölkələr üçün nümunəyə çevrilib. 30 illik işğal dövründə ölkəmizin hərbi qüdrətinin mükəmməlləşməsi üçün çox iş görülüb. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ordumuz onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən modernləşdirilən Silahlı Qüvvələrə çevrilib. Dövlət başçısı təmkinlə diplomatik sahədə təxirəsalınmaz tədbirlər reallaşdırıb, beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan edib və aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu çatdırıb".
 
S.Hüseynova bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırılmasının yeni texnologiyalara əsaslanan ilk praktik nümunəsini bütün dünyaya göstərib: "Bu savaş xalqımızın mətin iradəyə malik olduğunu, milli ideya ətrafında sıx birləşmək gücünü və işğala boyun əyməmək əzmini təsdiqlədi. Dövlət-xalq-ordu birliyi zəfərin əldə olunmasını şərtləndirdi. Prezident İlham Əliyev diplomatik məharəti və yenilməz sərkərdəlik qabiliyyəti ilə əsl lider olduğunu bir daha təsdiq etdi. Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və torpaqlarımızda kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdikləri "dənizdən-dənizə böyük Ermənistan" kimi mifik təsəvvürlərə əsaslanan xəstə milli ideyası Vətən müharibəsində darmadağın edildi. Prezident İlham Əliyevin rəhbərliyi altında düşmənin ərazilərimizdən qovulması, bir müddət sonra sərhəddə Laçın rayonunda Həkəri çayının üstündəki körpüdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimiz üzərində nəzarətin əldə edilməsi, lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejimin dövlətimizin şərtlərini qəbul edərək ağ bayraq qaldırması nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu". 

"Bununlada Heydər Əliyev siyasəti hər iki liderin fəaliyəti sahəsində Azərbaycanımızı tənəzzüldən tərəqqiyə, tərəqqidən isə Zəfərə gətirdi. Vaxtilə Azərbaycan xalqına qarşı qanlı cinayətlər törətmiş şəxslər, dövlətimizi hədələyən terrorçular hazırda  ədalət mühakiməsi qarşısındadırlar. Onların çoxu, xüsusən də Qondarma rejimin rəhbərliyində olanların bəziləri artıq Bakıda istintaq təcridxanasındadır. Xalqımız tam əmindir ki, xalqımıza qarşı cinayət törətmiş hər kəs öz layiqli cəzasını alacaq", - deputat əlavə edib.

 

Gülşən Şərif