Azərbaycanda “kölgə iqtisadiyyatı”nın azaldılması məqsədilə vergi qanunvericiliyində dəyişikliklər edilməklə yanaşı, vergi inzibatçılığında da mütəmadi olaraq təkmilləşdirmələr aparılır.

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Elşən Rəhimli deyib.

Onun sözlərinə görə, həm vergi inzibatçılığı, həm də qanunvericilikdə həyata keçirilən tədbirlər vergi orqanlarının daha səmərəli fəaliyyət göstərməsinə, vergilərin daha operativ və vaxtında ödənilməsinə şərait yaradır.

Bu ilin yanvar-sentyabr ayları ərzində 12,8 milyard manat vergi daxilolması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə yığımların həcmi yüksək olub. Məcburi dövlət sosial sığorta haqları üzrə cari ilin 9 ayı ərzində 3,8 milyard manat vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Qeyd edilən müddətdə işsizlikdən sığorta haqları üzrə 132,8 milyon manat vəsait toplanılıb ki, bu da keçən illə müqayisədə 15 faiz artıq vəsait deməkdir. İcbari tibbi sığorta haqları üzrə isə 683 milyon manat vəsait aidiyyəti fonda ödənilib ki, bu da ötən illə müqayisədə 15,3 faiz əlavə vəsaitdir.

Cari ildə aktiv vergi ödəyicilərinin sayı 5,7 faiz artaraq 750 min nəfəri keçib. Bu müddətdə aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz, aktiv obyektlərin sayı 6,8 faiz artıb.