Nüvə silahlarına qlobal xərclər 13% artaraq ötən il rekord həddə - 91,4 milyard dollara və ya saniyədə 2898 dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın hesabatında deyilir

Hesabata görə, keçən il doqquz nüvə dövləti 2022-ci ilə nisbətən öz arsenallarının saxlanması və modernləşdirilməsinə 10,8 milyard dollar (13,4%) daha çox sərmayə qoyub.

Ötən il ABŞ nüvə silahlarına 51,5 milyard dollar ayıraraq, nüvə silahının inkişafında ən böyük investor olaraq qalır.  Bu siyahıda ikinci yerdə 11,9 milyard dollarla Çin qərarlaşıb. Bu ölkəni 8,3 milyard dollarla Rusiya izləyir.

Məlumata görə, son beş ildə nüvə silahının maliyyələşdirilməsi 34% və ya 23,2 milyard dollar artıb, bu müddət ərzində ABŞ-nin xərcləri 45%, Böyük Britaniyanın xərcləri isə 43% artıb.

 

Gözəl Həşimova