Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaqların uçotunun tam elektronlaşdırılması təmin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov nazirliyin bu ilin 6 ayında fəaliyyətinin nəticələri barədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında 29 sifariş əsasında 75 müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq sifarişçilərə təhvil verilib. Muxtar respublikanın 157 yaşayış məntəqəsində 204 torpaq sahəsi və 94 qeyri-yaşayış binasının yerləşdiyi ərazilərin geodeziya ölçmələri aparılmaqla yerquruluşu planları hazırlanıb.

Babək rayonunun 5 yaşayış məntəqəsi üzrə yerquruluşu plana alma işləri başa çatdırılıb və rəqəmsal xəritələri tərtib olunub.