Qarşıdan yeni tədris ilinin gəlməsi bir sıra sahələrdə qiymətlərə təsirsiz ötüşmür. Bu sahələrdən biri də əmlak bazarı ilə bağlıdır. Bəs görəsən, yeni tədris ili ərəfəsində hansı evlərə tələbat daha çox artacaq və qiymətlər hansı səviyyəyə qədər bahalaşa bilər?

 

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, əvvəlki aylardan fərqli olaraq, yay aylarında həmişə əmlak bazarında stabillik hökm sürür. Yəni ciddi qiymət artımı müşahidə olunmur:

"Son vaxtlar təkrar mənzil bazarında, xüsusilə də tikili olan binalarda artım baş verir. Bu, bazarda olan təkliflərin sayının azalması ilə bağlıdır. İlin əvvəli ilə müqayisədə ikinci rübdə təkrar mənzil bazarında qiymət artımı yaşanır. Əgər təklif azalmaqda davam edərsə, təkrar mənzil bazarında qiymət artımı qaçılmaz olacaq. Yeni tikililərlə bağlı ilkin mənzil bazarında isə qiymətlər stabildir. Belə ki, paytaxt Bakıda 1 kvadratmetrə üzrə qiymətlər 1000 manatdan başlayaraq 5500 manata qədər davam edir. Lakin ortalama qiymət 2000-2500 manat civarında dəyişir. 

Bu gün köhnə mənzil bazarına tələbat daha çoxdur. Ona görə də qiymət artımı davam edir. Tədris ilinin yaxınlaşması fonunda kirayə bazarında canlanma gözlənilir. Avqust ayının sonundan etibarən bu canlanma yaşanacaq. Qiymətlərə gəlincə, Bakıda birotaqlı mənzillərin kirayə qiyməti 300 manat, ikiotaqlı mənzillər 400 manat, üçotaqlı mənzillər isə 500 manatdan başlayır. Yeni tikililərdə isə 1 kvadratmetrin kirayə dəyəri 8-10 manat aralığındadır. Metroya yaxın mənzillər daha baha qiymətə təklif olunur". 

 

 

İqtisadçı Xalid Kərimli isə öz növbəsində vurğulayıb ki, qarşıdan gələn tədris ilində mənzillərin qiymətində artım baş verəcək:

"Adətən ilin birinci rübündə artım müşahidə olunmur. Lakin avqust-sentyabr aylarında mənzil bazarında canlanmanın yaşanması ənənəvi haldır. Bu halda əsas faktor kommersiya banklarının ipoteka fəallığıdır". 

Gülşən Şərif