Bəşər övladı tarixin bütün dövrlərində savaşıb. Torpaq, ov, su mənbələri, idarəçilik və digər çoxsaylı səbəblər insanları tarix boyunca qan tökməyə məcbur edib. Bu səbəblər sırasında şübhəsiz ki, din də var. Əslində Allahın əmrlərini əks etdirən dini kitablar insanlara təhlükəsiz və xoşbəxt yaşam şərtlərini aşılayır. Amma tarix boyunca baş verən bir çox müharibələr də məhz din bayrağı altında yaşanıb. İstər ərəblərin İslamı yayması, istər xristianların Xaç yürüşləri, istərsə də 20-ci əsrdə yəhudilərə göstərilən amansız münasibət - bütün bunlar milyonlarla can alıb.

Mən “dinlər təhlükəsizlik düşmənidir” demirəm, dindən sui-istifadə edərək çirkin niyyətlərini həyata keçirənlərə “təhlükə sizlikdir” deyirəm.

Bu təhlükə tarixin bütün dövrlərində olub, var və olacaq. Bu qlobal anlamda qarşısıalınmazdır. Amma lokal olaraq qarşısını almaq, dini təhlükəsizliyə təhdid yaradan hər şeyi və hər kəsi neytrallaşdırmaq mümkündür. Biz bunu ən azı son 30 ildə Azərbaycanda müşahidə edirik.

Ölkəmiz tarixin müxtəlif dövrlərində atəşpərəstlərin, müsəlmanların, xristianların və yəhudilərin daimi vətəni olub və olmaqda davam edir. Amma orta əsrlər istisna, biz son bir neçə yüzillikdə bu coğrafiyada heç bir dini əsaslı savaşın şahidi olmamışıq. Din azərbaycanlılar üçün mentalitetləşən adətlər toplusu və inanc-ümid istinadgahına çevrilib. Son 30 ilə nəzər saldıqda, əminliklə demək olar ki, din ölkədə sabitlik orbitindən kənara çıxmayıb. Buna cəhdlər olub, amma vaxtında və doğru qərarlarla qarşısı alınıb. Dini təhlükəsizlik Azərbaycan hakimiyyəti üçün daxili siyasətin prioritetlərindən biri hesab olunub və olunmaqdadır.

 

 

1991-ci ildə müstəqil olan Azərbaycan müstəqilliyin elanından cəmi 2 ay sonra İslam Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olmaqla, İslam ölkələri ilə əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirmişdir. Cəmi 10 il sonra, 2001-ci ildə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu daxildəki dini fəaliyyətə dövlət səviyyəsində həssas yanaşıldığının bariz nümunəsi hesab oluna bilər. Bundan başqa, Heydər Əliyev fondu tərəfindən həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində dini-tarixi abidələrin bərpası həyata keçirilir. Azərbaycan həm lokal, həm də qlobal anlamda dini təhlükəsizlik dəyərlərinə alternativi olmayan bir sadiqlik nümayiş etdirir. Bu sədaqətdə şübhəsiz ki, medianın da rolu var.

Medianın gücü haqda çox geniş izahata ehtiyac yoxdur. Ona əbəs yerə “4-cü hakimiyyət” demirlər. Sovet qoşunları Bakıda 1990-cı ilin 20 yanvar qətliamı ərəfəsində bu “hakimiyyət”i ələ keçirmək və xalqı baş verənlərdən xəbərsiz qoymaq məqsədi ilə dövlət televiziyasının enerji blokunu partlatmışdı. Yaxud başqa bir misal daha yaxın tarixə aiddir. 2016-cı ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ilk ələ keçirilən strateji obyetlərdən biri məhz TRT 1-in binası olmuş, xəbər spikeri Tijen Karaş silahlı təhdidlə çevriliş xəbərini xalqa çatdırmağa məcbur edilmişdi. Tarixdə bu cür nümunələrin sayı çoxdur. Bütün qəsbkarlar, məkrli plan sahibləri hər şeydən öncə məhz kütləvi informasiya vasitələrinə nüfuz etmək istəyir. Bunu bacarmayanda isə B variantı kimi qeyri-ənənəvi media “köməyə çatır”. 

 

 

Azərbaycanda dini təhlükəsizliyi pozmaq istəyənlər heç vaxt ənənəvi medianın həndəvərinə yaxınlaşa bilməyib. Əvəzində qeyri-ənənəvi media, sosial şəbəkə platformaları bəzən belələrinin kök saldığı yuvaya çevrilir. 

Həyatda kiminsə yuvasının dağılmasını arzu etməmişəm, amma belə təxribat yuvaları vaxtında sıradan çıxarılmasa, çox adamın yuvası alt-üst olar.

Dini təhlükəsizlik mövzusunda Azərbaycan dünyanın bir çox “mənəm-mənəm” deyən ölkələrinə nümunə ola bilər. Bu gün qeyri-sabitlik mənzərəsinin paytaxtına çevrilən Fransada 8 il əvvəl baş verən hadisəni xatırlamaq yerinə düşər. Bu ölkənin dünyada məşhur olan “Charlie Hebdo” adlı jurnalı tez-tez böyük narazılıqlara səbəb olan materiallar dərc edir. Xüsusən də insanların həssas yanaşdığı mövzuları və şəxsləri lağ obyektinə çevirməklə bu dərgi özünə böyük bir nifrət qazanıb.

Peyğəmbərləri ələ salan karikaturaları ilə gündəmə gələn jurnalın redaktoru Jerar Briar 8 il əvvəl mediaya açıqlamasında “bizim üçün müqəddəs bir şey yoxdur” deyərək öz mahiyyətlərini etiraf etmişdi. Bir baş redaktorun belə bir fikri dilə gətirməsi onun təmsil etdiyi media qurumuna nə qədər məsuliyyətsiz yanaşmasından xəbər verir. Milyonlarla insanın inanc qəhrəmanı olan müqəddəslərin aşağılanması ifadə azadlığı deyil, ifadə azadlığından sui-istifadə halıdır.

 

 

Jurnalın bu “cəsarətli” addımlarının ağır nəticəsi özünü çox gözlətmədi. 2015-ci ilin yanvarında redaksiyaya silahlı basqın edildi və 12 nəfər işçisi qətlə yetirildi. Əlbəttə heç bir səbəb terrora, zorakılığa haqq qazandıra bilməz. Sadəcə olaraq səbəb-nəticə əlaqəsinə baxanda, aydın olur ki, jurnalın işçi heyəti minimum öz həyatlarını təhlükə altına atmaqla heç də qəhrəmanlıq etmirdilər. Satira təhqir deyil. Bizim maarifçi yazıçıların satirik jurnallarında heç vaxt müqəddəslər aşağılanmayıb. “Molla Nəsrəddin” daha çox fırıldaqçı din xadimlərini və cəhaləti hədəf seçirdi. “Charlie Hebdo” bu mənada bizim 100 il əvvəlki “Molla Nəsrəddin”ə uduzur.

Fransız dilindən tərcümədə “Həftəlik Şəriət” anlamını daşıyan “Charlie Hebdo” “bir mətbu orqanı necə həm yerli, həm də qlobal anlamda dini təhlükəsizliyə təhdid ola bilər?” sualına əyani vəsaitdir.

Dini təhlükəsizliyin qorunması kütləvi informasiya vasitələrinin prioritetlərindən biri olmalıdır. Hətta mən deyərdim ki, xəbər saytlarında və televiziya kanallarında dini məsələlərdən məsul olan ən azı bir əməkdaşa ehtiyac var. Bu günümüzün reallığıdır.

Media qurumlarında siyasət, iqtisadiyyat, musiqi, idman, xarici xəbər redaktorları olduğu kimi, dini məsələlərdən məsul olan redaktor da işləməlidir. Bunu bütün media kapitanları bir təklif olaraq da qəbul edə bilər. Çünki bəzən əməkdaşlar bilmədən hansısa səhvə yol verərək bu mövzuda redaksiyanın, kanalın fəaliyyətini şübhə və təhlükə altına almış ola bilərlər. Elə yeri gəlmişkən, bu mövzuda bir nümunəni xatırladaq. 8 il əvvəl hazırda fəaliyyəti dayandırılmış ANS telekanalında “İncə maraqlar” verilişi yayımlanırdı. Layihənin aparıcısı Elnarə Təhməzova buraxılışların birində çadralı qadınlarla bağlı işlətdiyi ehtiyatsız sözlərə görə, inanclı insanların qəzəbinə tuş gəlmişdi. O insanlar kütləvi şəkildə ANS-in binasına gəlmiş və ciddi etirazlarını bildirmişdilər. Teleaparıcı bilmədən, istəmədən dini təhlükəsizliyə xələl gətirmişdi. Buna görə o və kanal rəhbərliyi tamaşaçılardan üzr istəmiş, verilişin yayımı bir müddətlik dayandırılmışdı.

 

 

Bu gün Azərbaycanda dini təhsilin əsas mərkəzi olan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu təhsil ocağında “media və dini təhlükəsizlik” mövzusu önə çəkilməli, məruzələr, ictimai dinləmələr keçirilməli, lazım gələrsə, bu mövzuda bir dərslik hazırlanıb tələbələrə tədris edilməlidir. Bu mövzuda təlim-tədris almış məzunlar sonradan rahatlıqla media qurumlarında dini məsələlərdən məsul redaktor olaraq işə alına bilər. Niyə yox?!

 

 

Azərbaycan bütün dinlərə, özündə təhlükəli nüanslar daşımayan təriqətlərə geniş azadlıqlar verən sekulyar bir ölkədir. İnsanlar sırf inancına görə təqibə məruz qalmır. Bu təhlükəsizlik mühitində həm də medianın peşəkar fəaliyyətinin rolu var. Amma sosial media platformaları peşəkarların nəzarət radiusundan kənardadır. Bu gün dost olmayan ölkələrin xüsusi xidmət orqanları sərhədsiz olan virtual aləmdə təxribatla məşğuldur. Yazının bu yerində xüsusilə xatırlatmağa ehtiyac duyuram: dini təhlükəsizlik bəlkə də heç vaxt indiki qədər vacib olmayıb. Vətən müharibəsindən sonra regionda dəyişən reallıqlar, Azərbaycanın dünyada əsas söz sahibi olan ölkələrdən birinə çevrilməsi təbii ki, hamını sevindirmir. Uğurlarımızı gözü götürməyən gözükölgəlilər mümkün olan bütün vasitələrdən, o cümlədən dini faktorlardan yararlanmağa çalışır və “əliuzunluq” edirlər. Sözsüz ki, dini təhlükəsizliyə uzanmış bu əllər informasiya cəbhəsinin “tikanlı məftil”lərindən keçə bilməyərək geri qayıdır. Türkiyə başda olmaqla, əlini xeyirliyə uzadanlara isə canımız qurban.

Azərbaycanın Qarabağ müharibələrində canını qurban edən həm yəhudi, həm də xristian şəhidlərimiz var. Azərbaycan müsəlman ölkəsi olsa da, burada bütün dinlərin inanclıları tamamilə eyni haqq və azadlıqlara sahibdirlər. Hətta Bakının düz ortasında başımıza bəlalar açmış, torpaqlarımıza göz dikmiş ermənilərin kilsəsi belə qorunub saxlanılır. Bu multikultural dəyərlərin Azərbaycan zirvəsidir. Bu zirvədə balanslı multikultural siyasət “bayrağı dalğalanır”.

 

“Media və dini təhlükəsizlik” mövzusunda beynimi məşğul edən bir məqam da var. Media ilə din arasında bir paralellik sezirəm. Məncə media da özlüyündə bir dindir. Onun da öz ardıcılları, “inanclı”ları var. Hər gün milyonlarla oxucu eyni saytları, sevdiyi müəllifləri oxumaqla, milyonlarla tamaşaçı eyni saatda pərəstiş etdiyi verilişləri, aparıcıları izləməklə bir növ mediativ rituallarını yerinə yetirmiş olur. Belə demək yanlış anlaşılmazsa, bu da onların ibadətidir. Nə niyyətlə oxuyurlarsa, baxırlarsa, Allah qəbul etsin.

Amma təhlükəsizliyə zidd əməlləri nə Allah qəbul edər, nə də dövlət.

 

İqtisadiyyat.az / Rahil Sayadoğlu

 

Qeyd: Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.