Azərbaycan Vergilər Nazirliyinin kollegiyasının qərarı ilə “KOB klaster şirkəti”nin meyarları təsdiqlənib.

Trend-in məlumatına görə, “KOB klaster şirkəti”nin bu meyarlara cavab verməsi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Nazirlik ilə razılaşdırılmaqla təqdim edilən şəhadətnamə ilə təsdiq edilir.

Qərarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılır ki, Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin. Eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılır ki, Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

Qeyd edək ki, meyarlar “Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinə əsasən hazırlanıb və Azərbaycan mülki qanunvericiliyinə uyğun kommersiya hüquqi şəxs kimi “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edir.

Nazirliyin kollegiya qərarı ilə BURADAN tanış olmaq olar.