Fələstinin işğal altındakı İordan çayının qərb sahilinin cənubunda İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, başından ağır yaralanan şəxs Hebron şəhəri yaxınlığındakı Beyt Emmer qəsəbəsində dünyasını dəyişib.

Fələstin Qızıl Ayparası daha əvvəl Hebron yaxınlığındakı qarşıdurmada yaralanan 22 nəfərin tibbi qruplar tərəfindən müalicə olunduğunu açıqlamışdı. Yaralılardan 9-nun canlı güllə, 5-nin plastik güllə, 8 nəfərin isə gözyaşardıcı qazdan zərər çəkdiyi bildirilib.

Qeyd edək ki, Beyt Emmerin girişində hərbi qüllə tikmək istəyən İsrail əsgərləri ilə fələstinlilər arasında tez-tez toqquşmalar baş verir.