Məlumdur ki, bu gün ölkəmizdə bir həftəlik istirahət günüdür. Yay mövsümünün olduğunu nəzərə alsaq, bu günlərdə insanların istirahət üçün seçimləri də çoxdur. 

Maraqlıdır ki, hansı istirahət növü çalışan insanlar üçün daha effektiv təsirə malikdir?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qeyri-iş günlərində istirahət üçün müəyyən qədər vəsaitin olması qaçılmazdır:

“Qeyri-iş günləri işləyən insanların istirahət etməsinə nisbət kömək olur. Çünki istirahət üçün də maddi vəsait tələb olunur. Ən azından hansısa rayona getmək və ya bölgədəki qohumlarını, yaxınlarını ziyarət etmək istəyənlər maddiyyatsız istəyinə nail ola bilmir. Onu da nəzərə alaq ki, qeyri-iş və bayram günlərində rayonlardakı istirahət mərkəzlərində də qiymətlər bahalaşır. Ona görə də imkanı zəif olanlar şəhərdən kənara çıxa bilmirlər. Həmin vətəndaşlar ən pis halda piknik edə bilərlər. Ümid edirəm ki, hər kəs istirahəti üçün kiçik məbləğ belə ayırıb. Çünki işləyən insanların istirahətə çox ehtiyacı var”.

İstirahətin tək və ya kollektiv edilməsinə toxunan Psixoloq Vüsalə Əmiraslanova isə öz növbəsində vurğulayıb ki, təkbaşına istirahət etmək daha yaxşı təsirə malikdir: 

“Hər həftənin bazar günü istirahət günü sayılsa da, çalışan insanlar həmin gün daha çox yorulurlar. Bu məsələ xüsusən də qadınlara aiddir. Lakin 3,4 və ya bir həftəlik istirahət zamanı hər kəs qismən istirahət etmiş olur. Bəzi insanlar xarakter olaraq gərgin olduğuna görə istirahətlərini necə edəcəklərini də bilmirlər. Həmin insanlar daim həyəcanlı və təşvişdə olurlar. 

Məsləhətim budur ki, istirahət günlərində daha çox dənizə və meşəlik ərazilərə getsinlər. Təbiətlə təmasda olmaq işdə yığılan stressi atmağı müsbət təsir edir. Şəhərin səs-küyündən uzaq olmaq istirahət üçün ən doğru yollardan biridir”.

Gülşən Şərif