“İran-Azərbaycan münasibətlərinin normallaşmasından danışdıqda realist yanaşmalıyıq ki, danışıqlar heç də asan, hamar olmayacaq. Belə olsaydı, terror aktından sonra İranın Ermənistandakı səfiri məlum sərt ritorika ilə çıxış etməzdi, daha fərqli üslublara əl atardı. Bunun üçünsə saysız-hesabsız metodlar var. İran isə nəinki yaxın, uzaq keçmişə də ədavət prizmasından baxır. İran diplomatik əlaqələr qurmaq, bərpa etmək əzmi nümayiş etdirməlidir, çünki terrora əl atan bir dövlət bu əməlinə heç bir halda hər hansı bir don geyindirə bilməz”.

İqtisadiyyat.az xəbər verir ki, bunu saytımıza İran-Azərbacyan münasibətləri barədə danışan politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, münasibətlərin bərpası “diplomatik sıçrayış”ın nəticəsi olmayacaq:

“Biz İrandakı səfirliyimizin fəaliyyətini dayandırmışıq, o vaxta kimi ki, cənab səfir başda olmaqla bizim diplomatik korpusun bütün nümayəndələrinin həyat və təhlükəsizliyinə tam təminat verilsin. İran isə öz səfirliyinin fəaliyyətini burada hərtərəfli davam etdirir. 

İrandan müsbət addım gəlməlidir. Mesajların birbaşa səfir vasitəsilə çatdırılması vacibdir.İlkin olaraq diplomatik kanallar vasitəsilə müəyyən danışıqlar gedə bilər, getməlidir də. Əks təqdirdə mövcud durum, ya da bunun daha da pisləşməsi nəinki iki ölkə münasibətlərinə, bütövlükdə regionda yıxıcı nəticələrə səbəb ola bilər. Tez bir zamanda olmasa da, hətta səfirliyimiz fəaliyyətini bərpa etsə belə, bundan sonra terror səviyyəsində olmasa da, zaman-zaman yenə sürtüşmələrin olacağını istisna etmirəm”.

 

 

Politoloq həmçinin qeyd edib ki, İran heç cür Zəngəzur dəhlizi layihəsinə mane ola bilməyəcək:

“Deyək ki, hətta diplomatik münasibətlərin olmadığı bir zamanda Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxan İran mövcud dəst-xətti nə qədər davam etdirsə də bu, dəhlizin reallaşdırılması istiqamətində gedən işləri dayandıra biləcəkmi? - Zənn etmirəm.

İran düzgün hesablamalar etsə, qonşuluq, dostluq və əməkdaşlıq münasibətləri qlobal perspektivdə möhkəmlənə bilər. Çünki regional deyil, qlobal layihə olan Zəngəzur dəhlizi onsuz da reallaşacaq. Bunda isə yalnız Azərbaycanın maraqlı olmadığı kimi, buna əngəl törətmək də İranın ixtiyarında və potensialında olan bir məsələ deyil. Zəngəzur dəhlizinin reallaşmasından sonra ticarət diplomatik münasibətlər intensivləşəcək.”

Politoloq bildirib ki, bundan sonra güvənli normallaşma da kəskin şəkildə arta bilər. Münasibətlərin düzəlməsi, sonra isə yüksəldilməsi iki xalq arasında əlaqələrin dərinləşməsinə, iqtisadi, ticarət və mədəni əlaqələrin genişlənməsinə və regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az