Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilib. Nəticələr bir ay ərzində elan olunacaq. İmtahana müxtəlif qadağan olunmuş əşyalar gətirən abituriyentlər isə yenə diqqət mərkəzindədir.

DİM-dən İqtisadiyyat.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub.

Məsələn, abituriyentlərdən biri kapişonun iplərinə qulaqlıq keçirməklə məqsədinə nail olmağa cəhd etsə də, onun bu planı baş tutmayıb. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.