Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 60 üzvünü bir araya gətirən qurumun Daimi Komitəsinin iclası martın 2 və 3-də Haaqada keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, AŞPA Daimi Komitəsinin iclasında Avropa Konqresinin 75 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq. Tədbirdə Niderland hüquq müdafiə naziri Frank Vervind və Avropa Şurasının Baş katibi Mariya Peçinoviç Buriş çıxış edəcəklər.

Eyni zamanda, iclas çərçivəsində mayın 16-17-də İslandiyanın paytaxtında keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının Zirvə toplantısına dair fikir mübadiləsi aparılacaq və qurumun gələcəyinə dair müzakirələr olacaq.

Daimi Komitənin iclasında AŞPA üzvləri beynəlxalq sığınacaq və müdafiə, mədəniyyətlərarası dialoq üçün mədəniyyət marşrutlarının platforması, milli sərhədlərdən kənarda onlayn tədris və tədqiqatın təşviqi, səhiyyə və reproduktiv cinsi hüquqlara dair yeni yanaşmalar kontekstində Avropa həmrəyliyinə dair hesabatları müzakirə edəcəklər.