Məlum olduğu kimi, ötən gün Fransa senatının aşağı palatası Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev saytımıza qətnaməni şərh edib: 

"Bildiyiniz kimi, bundan əvvəl də Fransa senatı Azərbaycana qarşı qərəzli mövqedə dayanıb. Bu səbəbdən onların belə bir qətnaməni qəbul etməmələri daha təəccüblü olardı. Fransa normallaşmaqda olan Azərbaycan və Ermənistan münasibətlərinə balta vurmaqla məşğuldur. Bu cür qətnamənin birini də onlar 2020-ci ildə, müharibədən 15 gün sonra qəbul etmişdilər. Öz aləmlərində “Dağlıq Qarabağ” adlı qondarma rejimi tanımışdılar. Axırı nə oldu? Əlbəttə, Fransa senatının aşağı palatasının bu kimi qətnamələri adi kağız parçasından başqa bir şey deyil. Bunun Fransanın hökumət siyasəti üçün təsiri yoxdur. Amma Azərbaycan-Ermənistan münasibətləri üçün təsiri var. Fransadan bu kimi dəstəkləri görən erməni revanşizmi yenidən baş qaldırır. Təcrübə göstərir ki, bu kimi qətnamələrdən dərhal sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ritorikasını dəyişir, sülh gündəliyini atır kənara. Biz məhz sülh gündəliyinə sadiq olduğumuz üçün belə bir qətnaməyə qarşı mübarizəmizi davam etdirməliyik. Demokratiya adı altında gizlənən Fransa qətnamənin əleyhinə yaradılmış petisiyadakı 110 min imzanı nəzərə almadı. Bunların hamısı onların əslində nə qədər demokratiyadan kənar, xalqların fikirlərinə hörmət etmədiklərini nümayiş etdirir. Fransa Azərbaycan-Ermənistan münasibətlərindəki detallara obyektiv yanaşsaydı, 30 ildir işğal altında olan torpaqlarımızda dağıdılmış abidələrimizlə bağlı da Ermənistana qarşı qətnamə qəbul edərdi. Onlar qərəzli olmasaydılar, Ermənistanın ekoloji, mülki, hərbi cinayətləri barədə oxşar addım atardılar. Fransanın hazırki mövqeyi Ermənistanın hərbi siyasi rəhbərliyinin mövqeyindən fərqlənmir. Bu bir daha sübut edir ki, nə Fransa, nə də Ermənistan sülhpərvərdir.

Özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən Fransaya xatırlatmaq lazımdır ki, təkcə müharibədən sonra 262 nəfər Ermənistanın mina terrorunun qurbanı olub. Onlar mülki şəxslər, jurnalistlərdir.

Fransa Senatının aşağı palatası bu cür qətnamələrlə elə aşağı da qalacaq.

Ali Baş Komandanımızın da dediyi kimi, kimsə banlayırsa, lazım olanda cavabı veriləcək".