Çində baş verən güclü yağış və daşqınlar qlobal bazarda düyü qiymətlərini artıra bilər. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bəyanat yayıb.

 Bəyanata görə, Çinin taxıl istehsal edən şimal-şərq bölgəsində məhsuldarlığı azaldacaq güclü yağışlar hələ də davam edir. Bu isə yüksək olan düyü qiymətlərini daha da bahalaşdıracaq. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının "Bütöv Düyü Qiymətləri İndeksi"nə əsasən, qlobal bazarda düyünün qiyməti son 12 ilin ən yüksək səviyyəsinə çatıb. Digər tərəfdən, Hindistanın ötən ay basmati olmayan ağ düyü ixracını qadağan etməsi və Taylandın fermerləri suya qənaət etmək üçün daha az düyü əkməyə çağırması düyü qiymətlərinin yenidən bahalaşmasına səbəb ola bilər. 

Qeyd edək ki, son günlər Çin dağıdıcı daşqınların yaratdığı problemlə mübarizə aparır. "Dokuzuri" tayfunu Şimali Çinin son illərdə gördüyü ən dəhşətli fəlakətlərdən biri olsa da, paytaxt Pekini son 140 ilin ən güclü yağışları silkələyib. 

Gülşən Şərif