Bu yaxınlarda ABŞ-ın Yel Universiteti su ilə bağlı hesabat “xəritə”sini yayımlayıb.

Məqalədə içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb. Azərbaycanda suyun keyfiyyəti 46,5 balla qiymətləndirilib. Bu göstərici ilə Azərbaycan region dövlətlərindən geridə qalıb. Suyun keyfiyyətinə görə, Gürcüstan 52,3, Ermənistan 61,7, Rusiya 55,8, İran 48,8, Türkiyə isə 47 bal alıb. Avropa ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında qiymətləndirilib. Bu ölkələrdə mənzillərə verilən sudan içmək təhlükəli olmasa da, ölkəmizdə bu mövzu mübahisəli hesab olunur. 

"Azərsu" ASC-nin baş texnoloqu, texnoloji proseslərə nəzarət və su təhlükəsizliyi şöbəsinin müdiri Cəmil Babayev İqtisadiyyat.az-a açıqlamasında sözügedən hesabatı əsassız adlandırıb: “Suyun kefiyyətinin təyin edilməsi üçün 100 ballıq şkala mövcud deyil. Belə bir standart yoxdu. Suyun keyfiyyətinin təyin edilməsi üçün sudan nümunə götürülməli, laborator şəraitdə fiziki-kimyəvi, bakterioloji təhlillər aparılmalıdır. Hər hansı bir şkalaya əsasən, Azərbaycanda suyun keyfiyyətsiz olması barədə verilən bəyanatlar əsassızdır”.
Baş texnoloqun sözlərinə görə, “Yel universiteti”nin yayımladığı məlumat ümumi ekoloji vəziyyətə aid edilən nəticələrdir. Çünki onlar Azərbaycanda içməli sudan heç bir nümunə götürüb, analiz aparmayıblar.

İnfeksionist Namiq Nəbiyev bir çox xəstəliklərin məhz su ilə keçə biləcəyini deyir və əlavə edir ki, keçmişdə çox geniş yayılan vəba və taun xəstəliiklərinin də yayılma səbəbi birbaşa su olub: “Təbii ki, suyun tərikibi keyfiyyətsiz olanda, mikroorqanizmlər onun tərkibində qalanda bu insan orqanizmində müəyyən xəstəliklərə səbəb olur. Ona görə də yaxşı olar ki suyu, həmişə qaynamış halda istifadə etsinlər”. 

Həkimin sözlərinə görə, suyun keyfiyyəti bölgələrə görə də dəyişir: “Zonalar üzrə götürsək, Şəki-Qax bölgəsində suyun tərkibində yod az olduğuna görə, müəyyən xəstəliklər əmələ gəlir. Məsələn, daha çox diş tökülmələrinə səbəb olur. Suyun tərkibində yod nə qədər az olarsa, o qədər çox xəstəliklərin, hətta qan xəstəliklərinin yaranmasına səbəb ola bilər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov suyun tərkibindəki problemləri su sisteminin köhnəliyi ilə əlaqələndirib: “Deyirlər ki, bəzən qum gəlir, lil gəlir. Bu hallar adətən müəyyən qəzalardan sonra baş verir. Qəzaları aradan qaldırandan sonra bunlar düzəlir. Biz etiraf etməliyik ki, su şəbəkəsinin infrastrukturu həddindən artıq köhnəlib. Ona görə də bəzən boruların qırıqları və ya qum dənələri suya qarışır”. 
E.Hüseynovun sölərinə görə, yeni tikilən binaların su anbarları yaxşı yoxlanılmalıdır: “Yeni binalar tikən MTK-ların su saxlama anbarları var. Ora “Azərsu” nəzarət etmir. Həmin anbarlardan analiz götürülsə, yəqin ki, mənfi nəticələr alına bilər”.

Bakı şəhəri və Abşeron yarımadası 5 su mənbəyindən qidalanır.  Bunlardan ən başlıcası Ceyranbatan Su Anbarıdır. “Azərsu”nun baş texnoloqu Cəmil Babayev bizə suyun təmizlənməsi prosesindən söz açıb: “Su mənbədən qəbul edildiyi zaman durulduculara ötürülür. Buna kaqulyasiya prosesi deyirlər, yəni suyun çökdürülməsi. Müasir dövrdə polimer tipli çökdürücü riagentlərdən -  kimyəvi birləşmələrdən istifadə olunur ki, bunlar da sertifikatlaşdırılıb və qida üçün yararlı hesab olunur”. 

C.Babayev qeyd edir ki, insanlar bəzən sudan qoxu gəlməsindən, hansısa kimyəvi riagentlərin istifadəsindən şikayət edirlər. O, bunu yanlış yanaşma adlandırır: “Sutəmizləyici qurğuların qum süzgəclərində istifadə olunan hər bir riagent süzgəc qatından keçdikdən sonra suyun tərkibində qalmır. O, artıq təmizlənmiş hesab olunur. Müasir ultra sutəmizləyici qurğulardan söhbət gedirsə, burada ümumiyyətlə hər hansısa bir çökdürücü riagentdən istifadə edilmir. Süzgəclər yalnız mineralı suyun tərkibində saxlayır. Asılı maddələri, virusları, bakteriyaları xarici səthində saxlayaraq təmizlənmiş suyu anbarlarda toplayır”. 

Ceyranbatan Su Təchizat İdarəsinin rəis müavini Oruc Bayramov suyun emal prosesində insan müdaxiləsinin olmadığını vurğulayıb və xlorun vacibliyindən söz açıb: “Suyun emalı tam qapalı şəkildə aparılır. İnsan müdaxiləsi qeyri-mümkündür. Anbarda qapalı şəkildə nasoslar vasitəsilə qapalı borularla nəql olunur. Qurğular daim Səhiyyə nazirliyinin nəzarətdədir. İstənilən vaxt gəlib su nümunələri götürüb analiz edirlər. Su mütləq şəkildə xlorla təmizlənməlidir. Əgər bunu etməsək, su insan orqanizmində yoluxucu xəstəliklər yarada bilər. Emaldan sonra suda qalıq xlorun miqdarı ölçülür və norma həddindən artıq olarsa yenidən emal olunur”. 

O.Bayramovun sözlərinə görə, Ceyranbatan Su anbarının hazırki istehsal gücü 15 min kubdan ibarətdir. Yəni, müəssisə 1 saatda 15 min kub su istehsal edir. 

 

Ceyranbatan su anbarının laboratoriya müdiri Xeyri Əşrəfova deyir ki, su 17 parametr üzrə analiz edilir: “Lakin iki əsas istehsalat parametrimiz var ki, biri suda qalıq xlorun miqdarı, digəri isə suyun bulanıqlığı. Bunlar 24 saat ərzində yoxlanılır. Hər gün, hər saat analiz olunur”. 

 

 

Qeyd edək ki, suyun keyfiyyətinə və təmizliyinə nəzarəti Səhiyyə Nazirliyinin tərkibində olan Respublika Gigiyena və Epidemiologiya mərkəzi həyata keçirir.