Yəmən və Ərəb Valyuta Fondu bazar günü respublikaya iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard dollar vəsaitin ayrılması haqqında saziş imzalayıb.

İqtisadiyyat.az Yəmənin hökumətinin xəbər agentliyi Saba-nın məlumatına istinadən xəbər verir ki, "islahat proqramı 2022-2025-ci illər üçün nəzərdə tutulub - maliyyə sistemini gücləndirmək, dövlət institutlarını bərpa etmək, iqtisadi artımı, davamlı inkişafı bərpa etmək və yeni iş yerləri yaratmaq məqsədi daşıyır".

İmzalanma mərasimində Yəmən tərəfini maliyyə naziri Salem Saleh bin Breik təmsil edib. Onun mətbuat konfransında qeyd etdiyi kimi, planlaşdırılan dəyişikliklər “neft hasilatının, eləcə də qeyri-neft gəlirlərinin artırılmasına kömək edəcək ki, bu da Yəmənin iqtisadiyyatına və vətəndaşlarının həyatına müsbət təsir göstərəcək”.

Yəmənin islahat proqramı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan iştirak edib.

Ərəb Valyuta Fondu 1976-cı ildə yaradılmış regional maliyyə təşkilatıdır. Onun mühüm vəzifəsi daha çox məzənnə sabitliyinə nail olmaq, ərəb ölkələrinin iqtisadi və pul siyasətini əlaqələndirməkdir.