Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 4,5 % artıb.

Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu il pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 3,1 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,1 manatlıq, o cümlədən 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.