Tanınmış naşir, tərcüməçi Şahbaz Xuduoğlunun "Facebook" hesabında dilimizlə bağlı qeyd etdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Türkiyə türkcəsini dövlət dili olaraq qəbul etməli olduğumuzu qeyd edən naşiri tənqid edənlər də, dəstəkləyənlər də oldu.

İqtisadiyyat.az Şabhbaz Xuduoğlunun sözügedən fikirləri ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafanın fikirlərini öyrənib. Deputat bildirdi ki, dilin dəyişdirilməsinin tərəfdarı olmasa da, dəfələrlə əlifbamızın dəyişdirilməsinin lazımlığını qeyd edib:

"Bu cür təklifləri top-tüfənglə qarşılamaq doğru deyil. Amma mən bu cür ideyanı dəstəkləmirəm. Ona görə ki, bununla bağlı daha fərqli yanaşmam var. Bu da ondan ibarətdir ki, bizdə əlifba məsələsini həll etmək lazımdır. Ortaq türk əlifbasının yaradılması artıq bu dillər arasında fərq saxlamayacaq. Bunun bir yolunu tapmalıyıq, əlifbanı biz o vaxt yanlış etdik. Doğru istiqamətdə dəyişiklik etmədik. "Ə" və "X" səslərini saxlamağı məqbul hesab etdilər, bu da ortaq əlifba ideyasını zədələmiş oldu.

 

 

Belə olsa daha yaxşı olar. Amma dili dəyişmək və ya Türkiyə türkcəsinə keçmək çox ciddi məsələdir. Bunun faydalı bir nəticə doğuracağını proqnozlaşdırmaq çətindir. Fikrimcə əlifba məsələsi daha önəmlidir. Təkcə biz yox, bütün türk dövlətləri model olaraq Türkiyə əlifbasını götürməlidir".

Mövzu ilə bağlı saytımıza danışan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk bildirdi ki, dilimizi dəyişmək yolverilməz addım olar:

"Öz dilimizdən imtina Dövlət dili haqqında Qanuna, bu dilin tarixən sabitləşmiş normalarına həqarət etməkdir. Bu dildən imtina etmək ana laylasından məhrum olmaq, dünyada yaşayan soydaşlarımızla əlaqələri kəsmək, yadlaşmaq, manqurtlaşmaq deməkdir. Bu dil dünyanın müxtəlif ölkələrində və tarixi ərazilərimizdə yaşayan azərbaycanlıları birləşdirən yeganə və ən güclü vasitədir. Dövlət dili bizim üçün əvəzsiz milli nemətdir, ona toxunmaq olmaz". 

 

 

Şahlar Göytürk qeyd etdi ki, insanların kitaba və mütaliəyə maraqlı olmamaları dildən asılı olan amil deyil:

"Şahbaz bəy fikirlərini bəlkə də, emosional şəkildə ifadə edib. Kitabçılıq işində ciddi işlər görür. Amma nəzərə almalı idi ki, ədəbi dil, ələlxüsus da, dövlət dili hər xalqa, hər dövlətə nəsib olmayan dövlət atributudur. Onun yazısındakı ilk cümlə ilə qətiyyən razılaşmaq olmaz. Problem dildə deyil, düşüncədədir. Kitab satılmırsa, bunun səbəbi dilin zəifliyində deyil, cəmiyyətin dilə və kitaba münasibətindədir. Bu gün dilin zənginləşdirilməsinə, inkişafına naşirlər daha çox töhfə verə bilərlər". 

Cavidan Mirzəzadə / İqtisadiyyat.az