Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26 27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbirinin keçirilməsinə cəmi iki gün qalıb. CIDC-2023 sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorları, tələbə və ekspertləri bir araya toplayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Bakı Konqres Mərkəzində mətbuat konfransı keçirilib. Konfransda tədbirin əsas təşkilatçısı olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxış ediblər. Onlar tədbirlə bağlı detalları açıqlayıb və jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edilib ki, tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcəkdir. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olmalıdırlar. Final mərhələsinə 20 komanda çatıb. Qalib gələn komanda tədbirin ikinci günündə açıqlanacaq.

Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunacaqdır. Təlimçilər sıralarında həm yerli həm xarici mütəxəsislər müvcuddur. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual “quiz”lərdə iştirak edib hədiyyələr qazanmaq imkanını əldə edəcəklər. Təlimdən keçən hər kəsə sertifikat veriləcəkdir.

Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arasında netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur.

Azərbaycada ilk dəfə keçirilən “CIDC-2023” tədbirinə 2 gün qalıb! Tədbir çərçivəsində Bakı Konqres Mərkəzində kibertəhlükəsizlik həlləri sərgisi təşkil olunacaqdır. İnformasiya texnologiyaları və təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər özünəməxsus kibertəhlükəsizlik həllərini təqdim etmişdir. Sərgidə “R.I.S.K. Company”, “Cyberpoint”, “paloalto”, “PROSOL”, “Azərconnect”, “A2Z technologies”, “FORTINET”, “AZINTELECOM”, “HUAWEI”, “CYBER ON”, “SECURE FUTURE”, “MOTOROLA SOLUİTONS”, “GESCO ASC”, “NSC network security center”, “infosec”, “beam”, “B&B Security Alliance”, “BRANDDEFENCE”, “MONT”, “Qarabuq”, “Azərbaycan Karmasis”, “İnnovation and Digital Development Agency”, “FORESTALL”, “ESET”, “bakotech”, “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”, “Forcepoint”, “Pıcus” kimi şirkətlər və mərkəzlər iştirak edəcəklər.

Sərgi zamanı xüsusi ekranlarda aralıq yarışlar və quizlər təqdim olunacaq. Quizlərin həlli nəticəsində iştirakçılar topladıqları xallara uyğun hədiyyə qazanmaq fürsəti əldə edəcəklər.

Azərbaycanda ilk Kiberməktəbin “Hack the future” proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun Kibertəhlükəsizlik üzrə 6 ödənişsiz masterklas təşkil olunacaq.

Kiberdünyada qlobal çağırışlar, yeni kibertəhdid tendensiyalar, təhlükələr, risklər, real hadisələrin şərhi, rəhbər şəxslərin çıxışı və ekspert tövsiyələri ilə bağlı təqdimatları və panel müzakirələrini dinləmək fürsəti 2 gün davam edən İnfomasiya Təhlükəsizliyi Konfransında yaranacaqdır.

CIDC-2023 tədbirində 2 gün ərzində yerli və xarici mütəxəssislər tərəfindən 10 təqdimat nümayiş olunacaq.

Kiberkonfrans çərçivəsində 2 gün ərzində 5 panel müzakirəsi keçiriləcəkdir.