Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gündən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır. Müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri 20 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. həmin ödənişlərin bu gün həyata keçirilməsi planlaşdırılır.

Bu gün saat 11:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 98) Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

2023-cü ilin ilk Günəş tutulması bu gün qeydə alınacaq.bu tutulma hibrid Günəş tutulması olacaq. Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır. Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutacaq. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə keçiriləcək konsertin solisti beynəlxalq müsabiqələr laureatı Şərif Bağırovdur. Konsert saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 4-20 manat arasında dəyişir.  

Bu gündən Türkiyə Qara dəniz yataqlarından qaz tədarükünü başlayacağı gözlənilir. Bu planlar barədə daha öncə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.