Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu gün baş tutacaq. İndiyədək iclaslarda əfvlə bağlı 1 500-dən çox məsələyə baxılıb.

Azərbayacana səfəri çərçivəsində İsrail XİN başçısının bu gün Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Bu gün Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq. Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.

Bu gün Azərbaycanın üç qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
50 kq çəki dərəcəsində çıxış edən titullu idmançı Mariya Stadnik təsnifat mərhələsində Evin Demirhanla üz-üzə gələcək.
55 kq-dakı Elnurə Məmmədova Laura Stanelite (Litva) ilə görüşəcək.
59 kq-da yarışan Alyona Kolesnik 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək. 74 kq-dakı Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-dakı Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Türkiyənin Bursa şəhərində “Teknofest” aviasiya kosmos və texnologiya festivalı çərçivəsində “Savaşan İHA yarışması” pilotsuz uçuş aparatı müsabiqəsi bu gün başa çatır.

Çinin müdafiə naziri Li Şanfunun Rusiya səfəri bu gün başa çatır.

UEFA Çempionlar liqasında ¼ finalın cavab görüşləri baş tutacaq. “Bayern” “Mançester Siti”ni,  “İnter” “Benfika”nı qəbul edir. Hər iki matç 23:00-da başlayacaq.