Bu gün Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu” keçiriləcək. Forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Bu gündən Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda vətəndaşların xidmətində olacaq. 

Azərbaycanı bu il "Avroviziya" mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanov qardaşları səfərə hazırlaşır. Əkizlər apreldə 3 ölkədə çıxış edəcəklər. Onların ilk çıxışı bu gün İsraildə Tel-Əvivdə baş tutacaq. 

Türkiyə istehsalı olan “TOGG” avtomobili bu gün ilk sifarişçi olan prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank məlumat verib. “Onun ardından prezident Əliyevlə görüş təyin etdik. İkinci avtomobili ona təqdim etməyi planlaşdırırıq”, - deyə nazir bildirib. Qeyd edək ki, Ərdoğan daha əvvəl İlham Əliyevin Türkiyə istehsalı olan iki “TOGG” avtomobili sifariş verdiyini açıqlayıb.

Bu gün Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Moskvada görüşəcək. 

Fransa prezidenti Emmanuel Makron Çinə birgə səfərə hazırlıq məqsədilə bu gün Avropa Komissiyasının (AK) sədri Ursula fon der Layeni qəbul edəcək.

Bu gün ABŞ administrasiyası Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq. Yeni paketə hava hücumundan müdafiə radarları, tank əleyhinə raketlər, yanacaq daşıyan maşınlar, bərpa maşınları və tanklar, aviasiya və NASAMS zenit-raket sistemləri daxil olmaqla, onlarla növ sursat daxildir.