Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar bu gündən martın 24-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Bu gün bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Martın 20-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Martın 21-dən 26-dək Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə matçların təşkil olunacağı Siroki Breyq şəhərinə avtobusla yollanacaq. U-19-u oyunlara baş məşqçi kimi İlqar Aslanov çıxardacaq.

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 13-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın bu gün Moskvaya səfəribaş tutacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.Nazirlərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri gözlənilir. XİN-dən verilən məlumata görə, nazirlər görüş zamanı həm də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər

NATO Baş katibi Yens Stoltenberq İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyni qəbul edəcək. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Görüş bu gün NATO-nun baş qərargahında baş tutacaq.

Bu gün Çin prezidenti Si Cinpinin Moskvaya səfəri baş tutacaq. Səfər martın 22-nədək davam edəcək.