İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana səfər edəcək. Nazir Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasında və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.

Energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq 2 gün ərzində Avstriyanın paytaxtı Vyanada keçiriləcək 8-ci OPEC beynəlxalq seminarında iştirak edəcək.seminar “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusunda baş tutacaq. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Hərraca 9 faydalı qazıntı yatağı çıxarılacaq. Bunlar əsasən gil, gips qum-çınqıl yataqlarıdır. Başlanğıc qiyməti isə 2 500 - 76 000 manat arasında dəyişir.

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə baxışı bu gün keçiriləcək.

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası əməkdaşliq komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək üçün bu gün Rusiyanın Moskva şəhərinə səfər edəcəklər.

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün növbəti imtahanlar keçirəcək. İmtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq. İmtahanlarda ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir. Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17928 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif, 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Beynəlxalq Bakı Yay Caz Günləri çərçivəsində bu gün pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Bu gün həmçinin Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər. Parkdakı konsertlərə giriş sərbəst olacaq.

“Qarabağ” futbol klubu bu gün Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün avtobusla Cəbəllütariqə səfər edəcək.

İsveçin Baş naziri Ulf Kristersson bu gün ABŞ-a səfər edəcək. Səfər çərçivəsində Baş nazir Kristersson Ağ Evdə Prezident Co Baydenlə görüşəcək.

Bu gün Almaniya, Danimarka və Niderland hərraclarında elektrik enerjisinin qiymətlərinin sıfırdan aşağı düşəcəyi gözlənilir. Buna günəş elektrik stansiyalarının yüksək göstəricilərinin səbəb olduğu bildirilir.