İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəməsi başlayır. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə bu gün məhkəmənin hazırlıq iclası keçiriləcək.

Bu gündən Heydər Əliyev Mərkəzində caz günləri başlayır. İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək. Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək.

Bu gün Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi başlanacaq. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının regional mərhələsi Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.

Sumqayıt Dövlət Dram Teatrı Bakıda teatr sevərlər üçün bu gün "Ocaq" tamaşasını nümayiş etdirəcək. Tamaşa “Aktyor evi”ndə baş tutacaq. Məlumata görə, tanınmış Türkiyə yazıçısı Turkut Ozakmanın əsərinə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. 

Bu gündən etibarən “Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edib. Bakıdan saat 08:25-də yola düşəcək qatar Sabunçu stansiyasına saat 08:42-də, əks istiqamətdə saat 08:52-də yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 09:07-də çatacaq.

2023/24 mövsümünün hazırlığını davam etdirən “Qəbələ”nin ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. Qəbələdə hazırlıq keçən “qırmızı-qaralar” “Sabah”la üz-üzə gələcək. Oyun bu gün saat saat 18:00-da baş tutacaq.

“Neftçi”nin kapitanı Emin Mahmudov uzun danışıqlardan sonra komandada qalmağa qərar verib. Futbolçunun bu gün Rusiyada turnirdə iştirak edən komandaya qoşulacağı gözlənilir. Bu gün həmçinin “Neftçi” klubunun bu barədə rəsmi xəbər verəcəyi də gözlənilir.

Türkiyə hökuməti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlət qulluqçularının maaşlarının artırılması, iqtisadi qanun layihələri və İsveçin NATO-ya üzv olmaq məsələsini müzakirə etməyi planlaşdırır. Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.

Bu gün dünyada “Beynəlxalq polietilen paketdən imtina günü” kimi qeyd olunur. Bu, polietilen torbaların istifadəsini azaltmaq məqsədi daşıyan qlobal təşəbbüsdür.