İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti idmançılarımız mübarizəyə qoşulacaqlar. Bu gün boksçumuz Məhəmməd Abdullayev yarımfinal görüşünə çıxacaq. Kişilərdən ibarət çimərlik futbolu üzrə Azərbaycan millisi 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək. Atıcı Ruslan Lunyov təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasını növbəti dəfə nümayiş etdirəcək. Sənət ocağının rus bölməsində hazırlanan bu musiqili komediyanın librettosu və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenkodur. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Afər Tağıyevadır.

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti var. Konsert saat 19:00-da başlayır. Biletlərin qiyməti 4-20 manat arasında dəyişir. 

Bu gün Akademik Milli Dram Teatrında yazıçı Cavid Zeynallının “Şükriyyə” tamaşası nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da oynanılacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Bu gün Ermənistanda Fövqəladə Hallar Nazirliyi ləğv edilir. Yeni qərarla Fövqəladə Hallar Nazirliyi Daxili İşlər Nazirliyinin balansında olacaq.

“YouTube” bu gün Cənubi Koreyada canlı alış-veriş üçün ilk rəsmi kanalını açmağa hazırlaşır. Yeni kanal Koreya dilində fəaliyyət göstərəcək və ilk olaraq 90 günlük layihə kimi fəaliyyət göstərəcək. Şirkət 30-a yaxın brendin alış-veriş məzmununu canlı yayımlamağı planlaşdırır. Kanal canlı ticarət əlaqəsini artırmaq üçün “YouTube”un bütün imkanlarından istifadə edəcək.