İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Polşanın paytaxtı Varşava şəhərində Ümummilli Lider Heydər Əliyevin büstü qoyulacaq. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanan büst Azərbaycanın Polşadakı səfirliyinin inzibati binasının ərazisində yerləşdiriləcək. Açılış mərasimində iştirak etmək üçün Milli Məclisin deputatı Müşfiq Məmmədli bu gün Varşavaya səfər edəcək.

ABŞ-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Arorat Mirzoyan arasında görüş bu gün baş tutacaq. Görüşün bir neçə gün davam edəcəyi gözlənilir. Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov artıq ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. 

Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibəni araşdıran komissiyanın iclası bu gün sual-cavab formatında davam edəcək. Baş nazir bildirib ki, ictimaiyyətə açıqlanmayan məsələlər bağlı qapılar arxasında müzakirə olunacaq.

ABŞ bu gün Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

ABŞ Dövlət Departamenti Afrikadakı fəaliyyətinə görə “Vaqner”ə qarşı bu gün əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. 

NFC Forumu bu gün ictimai vebinar zamanı öz inkişaf xəritəsini təqdim edəcək.

Bu gün saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppası Y.Etin və V.Livanovun "Bremen musiqiçiləri" pyesi əsasında eyniadlı tamaşa ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edəcək. Biletləri Lənkəran Dövlət Dram Teatrının kassasından əldə etmək olar.

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Macarıstan klubu “Ferentsvaroş”la yoxlama oyununda üz-üzə gələcək. 

Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün ilk matçını meydan sahiblərinə qarşı keçirəcək. Komanda bir gün sonra Portuqaliya ilə, iyunun 29-da isə İspaniya ilə üz-üzə gələcək.