İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Bu gün 8500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək. 

Bu gün Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açıq karate turnirinin açılış mərasimi baş tutacaq. 

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VII qurultayı keçiriləcək. 

Bu gün Beynəlxalq Muğam festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

Bu gün həmçinin İçərişəhərdə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyası və İçərişəhər DTMQ İdarəsinin dəstəyi ilə muğam marafonu baş tutacaq. Şirvanşahlar Sarayında muğam festivalının son günündə 24 saat ərzində bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu olacaq. Fasilələr zamanı elektron musiqi prodüserlərinin canlı ifaları yayıma qoşulacaq. 

Bu gün Bakıda “Eldorado” Şıx çimərliyində "Azerbaijan Rock Fest" rok festivalı təşkil ediləcək. Festivalda Röyal Musa, Joseph Abbas, Şahin Əlizadə və “The Passion”, “Greyband”, “Free From Four”, “Dədə Baba”, “Aynaband”, “Qara Dərviş”, “Midnight”, “Little Rocks” kimi rok qruplar çıxış edəcəklər.