İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

2023-cü ildə yay fəsli Azərbaycana bu gün saat 18:57-də daxil olacaq. Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, həmin gün Şimal yarımkürəsində ən uzun Gündüz və ən qısa Gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa Gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır. Qeyd edək ki, Bakı üçün 21 iyunda gündüzün uzunluğu 15 saat 3 dəq 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. 

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində bu gün Tovuz rayonunda sahibkarlarla görüşü təşkil olunacaq. “Səyyar qəbul otağı” saat 10:00-dan 11:00-a qədər sahibkarların xidmətində olacaq. 

Bu gün Krakov-2023 III Avropa Oyunları start götürəcək. 12 gün davam edəcək idman bayramında bəzi idman növləri üzrə mübarizə artıq bu gündən başlayacaq. Avropanın 48 ölkəsindən 7 minə yaxın atlet 29 idman növündə bacarığını nümayiş etdirəcək. Əksər idman yarışlarından kənarlaşdırılan Rusiya və Belarus “Köhnə qitə”nin bayramından da kənar qalacaq. İştirakçılar 253 dəst medallar uğrunda mübarizə aparacaq.

Muğam aləmi 6-cı Beynəlxalq Musiqi Festivalında bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.

ABŞ Ukrayna üçün növbəti yardım paketini bu gün elan edəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Ceyms Kleverli ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yeni yardım paketi iyunun 21-də Londonda keçiriləcək Ukraynanın bərpasına dəstəklə bağlı konfransda açıqlanacaq.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi iyunun 21-də Böyük Britaniyaya səfəri çərçivəsində Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri ilə görüşəcək.

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşəcəyi bildirilir.

“Neftçi" yeni mövsümün təlim-məşq toplanışının birinci mərhələsini bu gündən başlayaraq iyunun 28-dək Bakıda keçəcək. 

Bu gün həmçinin "Sabah", "Neftçi" və "Qəbələ"nin Konfrans Liqasında ilk rəqibləri bilinəcək.

Bu gün futbol üzrə gənclər arasında (U-21) Avropa çempionatının açılış oyunu baş tutacaq. Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyunu azərbaycanlı hakimlər briqadası idarə edəcək. FİFA referisi Əliyar Ağayevə köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli yardım edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.