Dendrologiya İnstitutunun Meşə ekosistemləri laboratoriyasının əməkdaşları Azərbaycan meşələrinin taksonomik tərkibini araşdırıb və müqayisəli təhlilini aparıblar.

Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan təbiət abidələrinin rolu əvəzsizdir. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanması, təbii resursların səmərəli istifadə edilməsi məqsədilə bir çox qoruqlar yaradılıb. Dövlət təbiət qoruqları ilə yanaşı, son dövrlər yeni park və bağlar salınıb. Həmin ərazilərdə təbii florada olan Eldar şamı, akasiya, qızılağac, fıstıq və s. bitkilərlə yanaşı, dünya florasının ağac-kol bitkilərindən də (katalpa, ardıc, şam, sərv və s. cinslərə aid yeni növlərdən) geniş istifadə edilib.

Bu barədə Dendrologiya İnstitutunun direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova bildirib. O qeyd edib ki, Böyük Qafqazın şimal-qərb zonasında yerləşən Qax, Zaqatala, Balakən təbii zənginliklərinə görə xüsusi yer tutur. Flora biomüxtəlifliyi əsasən Qafqaz boreal, qədim, bozqır və kserofit flora elementlərinə daxildir. Bitki örtüyü dağlıq əraziyə məxsus yüksək zonallıq qanununa uyğun olaraq dəniz səviyyəsindən yuxarı qalxdıqca dəyişir. Bu ərazilərdə qızılağac (Alnus), yalanqoz (Pterocarya pterocarpa Kunth.), ağyarpaq qovaq (Populus hibrida), uzunsaplaq palıd (Quercus longipes) ağaclarına, ardıc-saqqız (Juniperus - Pistacia) seyrəklikləri və qismən iberiya palıdi (Quercus iberica) meşələrinin qalıqlarına rast gəlinir. Dağlıq zonanın dəniz səthindən 1000-1100 metr yüksəkliyə qədər yerləşən aşağı dağ-meşə qurşağında iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsinin (Carpinus caucasica L.) üstünlük təşkil etdiyi meşəliklər, 1000-1800 metr yüksəklikdə yerləşən orta dağ-meşə qurşağında əsasən fısdıq meşələri (Faqus orientalis), 1800-2000 metr dağ-meşə qurşağında Şərq palıdı (Quercus macranthera), trautvetter ağcaqayını (Acer trautvetteri) və tozağacı (Betula) meşələri yayılıb. Bu qurşaqda respublikamızın ərazisi üçün yeganə sayılan qafqaz rododendronunun (Rhododendron caucasia) kiçik sahələrinə Zaqatala qoruğunda təsadüf olunur.

Böyük Qafqazın cənub yamaclarının dağlıq hissəsində əsasən fısdıq, palıd və vələs meşələri yayılıb. Digər ağac cinslərindən ibarət meşəliklər 81 faiz süni ağaclıqlar cəmi 19 faiz təşkil edir. Filizçay (Balakənşay) hövzəsində dəniz səthindən 800-1000 metr yüksəklikdə qayalı aşırımlarda və dik çılpaq qayalarda 10 hektara yaxın sahədə qarmaqvari şam - Pinus kochiana ağacları bitir. Bu şamlar buzlaq dövründən bizə qalan yadigarlardır.

Qax, Zaqatala, Balakən rayonlarının ərazisində əsəsən palıd-vələs və fıstıq-vələs meşələri dominantlıq təşkil edir. Düzən meşələrdə alma (Malus Mill.), alça (Prunus divaricata Ledeb), ağcaqayın (Aser caucasica L.), göyrüş (Farxins excelsior L.), vələs (Carpinus caucasica L.), yasəmən (Syringa vulgaris L. ), yemişan (Crataegus L.), zoğal (Cornus mas L.), ayı fındığı (Corylus colurna Roth), yunan qozu (Juglans regia L.), palıd (Quercus macranthera F.), söyüd (Salex L.), cökə (Tilia R.), əzgil (Mespilus L.), başınağacı (Viburnum opulus L.), fıstıq (Faqus orientalis), qaracöhrə (Taxus baccata S.F.Gray) və s. bitkilərə də rast gəlinir. Zoğal (Cornus mas L.) bitkisi mühafizə zonasında yamac boyunca daha geniş yayılıb.

Zaqatala rayonunun təbiəti olduqca zəngindir. Ərazinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir. Zaqatala Dövlət Təbiət Qoruğunda 900-dən artıq bitki növü yayılıb. Bitkilərdən 11 növü nadir və azlığına görə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşüb. Burada Azərbaycan florası üçün nadir sayılan və böyük elmi maraq doğuran iynəyarpaqlı qaracöhrə, qarmaqvari şam ağacı və ancaq Zaqatala qoruğuna məxsus olan Qafqaz rododendronu bitir.

Balakən rayonu üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65 faizində subtropik iqlim qurşağı mövcuddur. Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 faizini təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir.

Qax rayonu əsasən gərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu Dövlət Təbiət Qoruğu yaradılıb. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Qax, Zaqatala və Balakən bölgəsində yeni salınan park və bağ ekosistemində istifadə edilən ağac və kolların 4 fəsiləyə, 7 cinsə aid 16 növü çılpaqtoxumlulara, 40 fəsiləni əhatə edən 84 cinsə aid 101 növü isə örtülütoxumlu bitkilərə aiddir, o cümlədən 4 fəsilə, 10 cinsə aid 10 növ bəzək güllərinə aiddir. Biomorfoloji təhlil zamanı məlum olub ki, həmin ərazilərdə park-bağ ekosisteminin formalaşmasında 42 növ ağac, 57 növ kol, 5 növ lian, 2 növ qazon bitkisindən istifadə olunub.

Tədqiq olunan növlərin mədəni şəraitdə böyümə və inkişafı araşdırılıb. Bitkilərin ilk çiçəkləmə yaşı, fenoloji inkişaf mərhələləri öyrənilib. Məlum olub ki, bitkilərin çiçəkləmə fazasına daxil olması hər bir növün fərdi bioloji xüsusiyyəti olmaqla yanaşı, introduksiya edildiyi mühitin ekoloji amillərindən də çox asılıdır.

Araşdırmalardan məlum olub ki, yaşıllaşdırmada 81 növ təbii floradan olan, 36 növ xarici floralara mənsub bitkilərdən istifadə edilib. Xarici floraya mənsub bitkilərdən Yasəmənyarpaq katalpa, Kökatan tekoma, Yapon gərməşövü, Həmişəyaşıl sərv növləri mədəni florada - yaşıllaşdırmada dominant rol oynayır. Yerli floraya mənsub palıd, ardıc, ağ akasiya, çinar, ağcaqayın, vələs, göyrüş, çökə növlərindən daha çox istifadə edilir .

Tədqiqat zamanı introduksiya olunan yeni növlərin - Lagerstremia indica L., Evonumus japonica L., Spiraea japonica L., Weigela florida A.DC., Photinia serrulata Lindl., Arbutus unedo L., Nandina domestica Thunb., Symphoricarpos albus (L.) S.F.Blake, Magnoliya grandiflora L., Centranthus ruber (L.) DC. və s. böyüməsi, inkişaf fazaları Zaqatala-Balakən bölgəsi və Abşeron şəraiti ilə müqayısə edilib.