Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyatda ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik müəyyənləşib.

Bəs qarşıdakı dövrdə xidmət səviyyəsinin və sərnişin məmnuniyyətinin artırılması üçün metroda hansı işlərin həyata keçirilməsi nəzərdə tutulub?

“Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlamasında gözlənilən yeniliklərlə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, metroda bank kartları ilə ödəniş üsulu ilə bağlı əsas işlər, o cümlədən ilkin sınaqlar metro stansiyalarında uğurla aparılıb. Hazırda bank sistemində müvafiq normativlərə uyğun tamamlama işləri aparılır və “K-Group”da bu üsulun işə salması ilə bağlı təbliğat işlərinə hazırlıq davam etdirilir.

B.Məmmədov söyləyib ki, “Koroğlu” stansiyasında görmə qabiliyyəti məhdud sərnişinlərin sərbəst hərəkət imkanlarının genişləndirilməsi məqsədilə bütün giriş-çıxış, vestibül, keçid, platforma zonaları da daxil olmaqla taktil (brayl bloklar) zolaqların quraşdırılması aparılır. İyul ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub: “Eyni zamanda əlil arabası istifadəçilərinin sərbəst hərəkətini təmin edəcək avtomatik pandusların, eləcə də hazırda “Əlçatan metro” layihəsi çərçivəsində istismarda olan əlil arabalarının texniki daşıma dəstəyi qurğularının sayının optimal həddə çatdırılması məqsədilə eskalatorlarda istifadə üçün, universal daşıma məqsədilə qurğuların birbaşa alınması nəzərdə tutulur. Bu məsələnin cari il ərzində həyata keçirilməsi gözlənilir və bu, reallaşdıqdan sonra Bakı metropolitenindən istifadə etmək imkanları məhdud olan şəxslərə xidmət mədəniyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunacaq. “Sahil” stansiyasında pilot layihə kimi vay-fay (Wi-Fi) şəbəkəsinin vestibül və platforma səviyyələrini tam əhatə etməklə quraşdırılması başa çatdırılaraq, test rejimində sınaqlarına başlanılıb. Qarşıdakı müddətdə sərnişin məmnunluğuna təsiri və digər məsələlərlə bağlı işlər aparılacaq”.

Metropolitenin sözçüsü həmçinin vaqon parkı barədə də gözlənilən işlərdən danışıb. Onun sözlərinə görə, fevral ayında imzalanmış 3 illik müqavilə əsasında Bakı metropoliteni üçün innovasiyalar baxımından sonuncu nəsil texnoloji yeniliklərlə təchiz edilmiş 65 vaqon alınacaq: “2024-cü il ərzində 35, 2025-ci ildə 20, 2026-cı ildə 10 ədəd olmaqla Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda Bakı metropoliteninin lokomotiv parkında 321 vaqon olmaqla, 61 sərnişin qatarı (6 qatar – 7 vaqonlu, 55 qatar – 5 vaqonlu) mövcuddur. Bu vaqonlardan 4-ü sərnişindaşıma prosesinə cəlb edilmir. İstimar müddəti 5 ilə uzadılmış, yuxarıda qeyd edilən 4 vaqon Bakı metropoliteni infrastrukturunun çoxfunksiyalı diaqnostikası kompleksinin tərkibinə daxildir. İstismar olunan vaqonlardan 115-i (hər biri 5 vaqonlu olmaqla 23 qatar) innovasiyalar baxımından son texnologiyalarla təchiz edilmiş 81-765 B./81-766 B. tipli vaqonlardır”.

B.Məmmədov eyni zamanda istismarda olan qatarların təmir işlərindən, onların modernləşdirilməsindən də söz açıb.

O bildirib ki, bu il 1 qatar tərkibi (5 vaqon) orta təmir olunmaqla modernləşdirilib: “Orta təmir işləri Bakı metropoliteninin Vaqonların əsaslı təmiri xidmətində aparılıb. Modernləşdirmə zamanı texniki yeniləşmə tədbirləri yerinə yetirilməklə vaqonlar təmir olunub, həmçinin idarəetmə sistemi avtomatlaşdırılıb. Hazırda daha bir qatar tərkibində (5 vaqon) orta təmir başa çatdırılıb və sazlama-sınaq işlərindən sonra qatar xəttə veriləcək. İlin sonuna qədər daha 2 qatarın (10 vaqon) orta təmirinin yekunlaşdırılması nəzərdə tutulub. Orta təmir edilmiş qatar tərkibində müasir texnoloji tələblərə söykənən yanğın xəbərverici sistem quraşdırılıb. İnnovativ layihə əsasında vaqonların yanğın təhlükəsi olan qovşaq və hissələrinin avtomatik rejimdə nəzarətdə saxlanılması təmin edilməklə yanğın təhlükəsizliyi optimallaşdırılıb. Bu sistemlər yanğın təhlükəsinin qarşısını qabaqcadan almağa kömək edir. Sistem xəbərdarlığı sayəsində həmin hissənin, qovşaq və avadanlıqların texniki istismar tələblərinə uyğunluğu təmin edilir və bununla onların sıradan çıxmasının da qarşısı alınır. Bütün sistemin fəaliyyəti onlayn rejimdə nəzarətdə saxlanılır. Hazırda iki qatarda quraşdırılmış sistem özünü doğruldub və 2024-cü il ərzində orta təmirə cəlb ediləcək daha bir qatarda tətbiq ediləcək”.

Qurum sözçüsü söyləyib ki, Bakı metrosunda havalandırma sistemləri də yenilənir. O vurğulayıb ki, bu il təbii havalandırma sisteminin davamlı inkişafı məqsədilə daha 6 dampfer avadanlığı quraşdırılıb: “Bununla Bakı metropolitenində süni havalandırma qurğusu olan sənaye ventilyatorlarının işi qrafik üzrə dayandırıldıqda, parallel avtomatik işə salınan bu qurğularla stansiya və tunellərdə hava axınının tənzimlənməsinin müsbət dinamikasına nail olunub”.

Stansiyaların işıqlandırılmasından da söz açan B.Məmmədov qeyd edib ki, bu sahədə davamlı tədbirlər aparılır. Onun sözlərinə görə, bu istiqamətdə “Əhmədli” stansiyasında yenilənmə yekunlaşdırılıb, “Ulduz” stansiyasında işlərə başlanılıb: “Tətbiq edilən müasir işıqlanma sistemi sayəsində lampaların sayının, sərfiyyatın azaldılması ilə yanaşı, daha böyük keyfiyyətə, qənaətə və səmərəyə nail olunub, qulluq asanlaşdırılıb. Həmçinin ekoloji tələblər də nəzərə alınmaqla, effektivlik təmin edilib və estetik görkəmə müsbət təsir göstərib. “28 May” stansiyasında elektrik yarımstansiyasının əsaslı təmir olunmaqla yenidən qurulmasına başlanılıb. Köhnə avadanlıqlar tam sökülüb, sahənin müasir standartlar səviyyəsində qurulması məqsədilə təmir aparılıb. Dünyanın aparıcı sahə şirkəti olan “Siemens”in Bakı metropoliteninin texniki şərtlərinə uyğun ən müasir avadanlıq və sistemlərinin quraşdırılmasına başlanılıb. İşlərin payız aylarında başa çatdırılması nəzərdə tutulub. Metropolitendə mühüm innovativ layihələrdən biri kimi əsas kommunikasiya avadanlıqlarının fasiləsiz qida mənbəyinin yaradılması ilə bağlı Almaniyanın “Beining” şirkətinin avadanlıq və sistemlərinin qurulması işləri aparılır. Bu, metropolitendə infrastrukturun təhlükəsiz, sabit, dayanıqlı və davamlı sığortalanmış fəaliyyətinin təmin edilməsi baxımından ən əhəmiyyətli layihələrdəndir”.

O bildirib ki, enerji təhlükəsizliyinin ən mühüm tərkib hissəsi kimi elektrik təchizatı, xüsusilə müvafiq dispetçer məntəqəsinin SCADA idarəetmə proqramının yenilənməsi işləri sürətlə aparılır: “Daha etibarlı proqram təminatı xətlərdə hərəkətin təhlükəsizlik tələblərinə ciddi əməl olunması, risklərə yol verilməməsi şəraitində davam etdirilir və 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Bakı metropolitenində təhlükəsiz fəaliyyətin təmin edilməsi məqsədilə kabel təsərrüfatıın yenilənməsi ən əzruri addımlardan biri kimi 2024-cü ildə də davam etdirilib. Bu xüsusda Yaşıl və Qırmızı xətlərin birləşdiyi sahələr üzrə ən optimal tədbirlər “28 May-Nizami”, “28 May-Sahil”, “28 May-Gənclik”, “28 May-Cəfər Cabbarlı-Xətai”, eləcə də digər mühüm sahələr əsas olmaqla uğurla davam etdirilir. Birinci hesabat dövründə 11443 m müxtəlif gərginlikli kabellər dəyişdirilib, 14 elektrik lövhəsi və 2 transformator quraşdırılıb”.

B.Məmmədov hazırda çəkilişi həyata keçirilən metro stansiyasında görülən işlərə də toxunub. O bildirib ki, Bakı metropoliteninin sayca 28-ci stansiyası layihə adı “B-04” olan stansiyadır. Stansiyada və “8 Noyabr” stansiyasından gələn tunellərdə dəmir yolları salınıb. Burada tikinti üzrə son tamamlama və daxili xidməti sahələrin tikilməsi mərhələsi aparılır. Eyni zamanda, infrastrukturun, mühəndis-texniki sistem, qurğu və avadanlıqların quraşdırılması işləri davam etdirilir. “Cəfər Cabbarlı” stansiyasının birinci yolu və ona bitişik platfromada əsaslı təmir və yenidənqurma işləri də tamamlanma üzrədir”.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında metroda 95 milyon 90 min 31 sərnişin daşınıb.