Son bir ayda Azərbaycanda un bir neçə dəfə bahalaşıb. Son günlər bəzi istehsalçılar topdansatış qiymətlərdə cüzi endirimlər etsə də, digərlərində qiymətlər stabil olaraq qalır. Baxmayaraq ki, taxılın qiymətində ötən ilə nisbətən təqribən 50%-lik azalma mövcuddur. Rəsmi məlumata əsasən, cari ilin may ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 367,31 manat təşkil edib. Eyni zamanda, bu ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı 34,8 faiz azalıb. Bununla yanaşı, yeni mövsümdə taxıl biçini başlayandan bəri sahələrdən 366 723 ton buğda yığılıb. Buğda sahələrinin 18,4 faizində biçin prosesi başa çatıb. Unun bahalaşmasının taxıl biçini dövrünə təsadüf etməsi isə bəzi suallar doğurur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycan çox az həcmdə buğda istehsal edir və onun da çox az hissəsi istehlak edilir.

Onun sözlərinə görə, ərzaq üçün yararlı olan buğda isə bunun çox az hissəsini təşkil edir: "Biz özümüzü ərzaq buğdası ilə təxminən 30% təmin edirik. Bu da təqribən 500-600 min ton edir. Lakin ümumi istehsal 1,8 milyon tondur. Onun əsas hissəsi maldarlıqda yem kimi istifadə olunur, yəni yemlik buğdadır".

Ekspert söyləyib ki, Azərbaycanda qiyməti taxıl fondu müəyyən edir və onların da müəyyən etdiyi qiymət ölkədə indikator rolunu oynayır: "Çünki Azərbaycanda, demək olar ki, alternativ taxıl bazarı bir o qədər də inkişaf etməyib. Bu səbəbdən də ölkədə unun qiyməti artır. Bundan əlavə, dünya bazarında buğdanın qiymətində də artım baş vermişdi, amma təbii ki, bu qiymət sonradan nisbətən endi".

V.Məhərrəmov həmçinin ölkəmizdə buğda istehsalının aşağı düşəcəyini də vurğulayıb. O, buna səbəb kimi artıq bir çox fermer tərəfindən bəzi sahələrin dən əldə etmədən yemçilikdə istifadə etmək məqsədilə ot biçini həyata keçirdiyini bildirib. Ekspert eyni zamanda söyləyib ki, əksər sahələrdə siçovulların, gəmiricilərin geniş yayılması, vaxtında aqrotexniki qaydalara əməl edilməməsi də buğda sahələrində məhsuldarlığı azaldır.

Xatırladaq ki, bu ayın birinci ongünlüyündə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bəzi iri un istehsalçıları ilə görüş keçirilib. Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib. Eyni zamanda qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb, cari ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tələbləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.

Sadiq Cavadov