Çinin IT nəhəngi “Alibaba Group Holding” kotirovkaların azalması fonunda öz qiymətli kağızlarının geri alınmasının həcmini fəal şəkildə artırır.

İqtisadiyyat.az “MarketWatch”a istinadən xəbər verir ki, şirkət iyunun 30-da başa çatan rübdə 5,8 milyard dollar dəyərində təxminən 77 milyon Amerika depozitar səhmini (ADS) geri alıb.

Məlumata görə, bu ilin birinci rübündə qiymətli kağızların geri alınmasının həcmi 4,8 milyard dollar, ötən ilin dördüncü rübündə 2,9 milyard dollar, üçüncü rübdə isə 1,7 milyard dollar olub.

Son dörd rüb ərzində ümumi geri alış həcmi 15,2 milyard dollar təşkil edib ki, bu da şirkətin kapitallaşmasının təxminən 8,7%-nə uyğundur. İyunun sonuna olan məlumata görə, cari səhmlərin geri alınması proqramı çərçivəsində istifadə olunmamış qalan məbləğ 26,1 milyard dollar təşkil edir.

“Alibaba” səhmləri Nyu-Yorkda bazar öncəsi ticarətdə 0,2% bahalaşıb. Ötən rübdə kotirovkalar 0,5%, son üç rübdə isə 17% azalıb.

 

Sadiq Cavadov