Ölkədə bank faizlərinin kifayət qədər yüksək olması narazılıq doğuran məsələlərdən biridir. Hətta bu məsələ bir neçə gün öncə parlamentin iclasında da müzakirəyə çıxarılıb. Belə ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli də parlament iclasında çıxışı zamanı bu problemlə toxunub və bildirib ki,  bank sektoru özü üçün komfort yaradıb, yüksək faizlərdən, nağdlaşdırma hesabına komissiyalardan qazanır.

 

 

Mövzu ilə bağlı "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bank-vətəndaş münasibətləri sivil səviyyəyə qaldırılmalıdır:

"İlk növbədə qeyd edim ki, biznes kreditləri müəyyən biznes subyektinin daha da inkişaf etməsi üçün imkanların genişləndirilməsinə xidmət edir. İstehlak krediti isə müəyyən əməkhaqqı müqabilində insanların şəxsi istəklərini reallaşdırması üçün verilir. Təəssüf ki, ölkəmizdə hər iki kredit növünə yanaşma yanlışdır. Vətəndaşlar hesab edirlər ki, kredit növündən asılı olmayaraq bankdan götürülən vəsaitlə məhz öz problemlərini həll edə bilərlər. Hətta götürülən kreditin geri qaytarılması onlar üçün vacib deyil. Problemli kreditlərin artması isə bank sektorunun iflic olmasına yol açıb və ölkə iqtsadiyyatını problemlərlə üz-üzə qoyub. Banklar risklərin qarşısını almaq üçün daha yüksək faizli kredit verməyə üstünlük verirlər. Hesab olunur ki, vətəndaşın krediti ödəmək imkanı olmasa belə bank yüksək faiz hesabına öz ziyanını kompensasiya edə bilər". 

Avropa ölkələrində kreditlərin çox ciddi şəkildə sığortalandığını və buna görə də problemli kreditlərin yüksək səviyyədə olmadığını vurğulayan iqtisadçıya görə, Azərbaycan da bu təcrübədən istifadə etməlidir:

"Məlumdur ki, Azərbaycan manatının dollara nisbətdə kursu müvafiq dövlət strukturları və Mərkəzi Bank tərəfindən tənzimlənir. Bu baxımdan devalvasiya baş verərsə və ya üzən məzənnəyə keçid olarsa, bankların verdikləri kreditlərin faizi aşağı salına bilər. Bu isə bankların iflasına yol açar. Bu təcrübə ölkəmizdə illər əvvəl yaşanıb. Belə ki, devalvasiya nəticəsində xarici valyuta ilə kredit götürən vətəndaşların borcu xeyli dərəcədə artmış oldu.  Ona görə də bu gün kreditlər milli valyuta ilə götürülür. 

Nəzərə almaq lazımdır ki, banklar  biznes xarakterli strukturdur və funksiyası yalnız vətəndaşların maddi problemini həll etməkdən ibarət deyil. Bankın satış predmenti puldur. Bank kredit verərkən qazanc əldə edir və bu qazancla öz əməkdaşlarına əməkhaqqı verir, ölkə iqtisadiyyatına müxtəlif humanitar xarakterli investisiyalar qoyur. Bütün hallarda Milli Məclisdə qabardılan problemə qatılıram. Vətəndaşlar və biznes strukturlarına verilən kreditlərin faizi müəyyən dərəcədə aşağı salınmalıdır. Sadəcə yeni kredit növləri yaradılmalı və kredit portfeli artırılmalıdır ki, kommersiya bankları da zərərə uğramasın". 

Gülşən Şərif