Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 616,3 milyon ABŞ dollarına bərabər olub. Cari ilin ilk 9 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3%, meyvə-tərəvəz ixracı isə 7,1% artıb.

Bu dövrdə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4% artaraq 641,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (330, 4 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon dollar) ikinci, qızıl (101,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin yanvar-sentyabr ərzində Rusiya Federasiyasına 7 8 7,3 milyon ABŞ dolları, Türkiyəyə 631,8 milyon ABŞ dolları, Gürcüstana 240,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 112,5 milyon ABŞ dolları, Qazaxıstana isə 78,1 milyon ABŞ dolları də yərində qeyri-neft sektoruna aid mal ixrac olunub.