"2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Əgər dövlət büdcəsinə vergi daxilolmalarının həcmini 2002-ci illə müqayisə etsək, iqtisadiyyatımızla yanaşı, dövlətimizin maliyyə imkanlarının nə qədər böyüdüyünün şahidi ola bilərik".

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, 2002-ci illə müqayisədə vergi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artıb: “Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə artıb. Vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mühüm dəstək olub.

İqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. Əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2022-ci ilin sonuna qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyondan çox olub, aktiv vergi ödəyicilərinin sayı isə ötən ilin sonuna 712 min təşkil edib”.