Azərbaycanda maaşlarla bağlı rəqəmlər bir-birindən kəskin fərqlənir. Bu da başa düşüləndir. Çünki bazar iqtisadiyyatıdır və yüksək məbləğlər daha çox özəl sahələrdə olur. Maraqlıdır, hazırda Azərbaycanda ən gəlirli sahələr hansılardır və əməkhaqları nə qədərdir?

"Xaricdən gətirilən mütəxəssislərə daha çox maaş ödənilir, nəinki yerli əməkdaşlara"

İqtisadiyyat.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovla əlaqə saxlayıb. Deputat bildirib ki, əməkhaqqı əsasən özəl şirkətlərdə yüksək olur:

 

 

“İlk pillələrdə SOCAR dayanır. Çünki gəlirləri də kifayət qədərdir. Burada 7-8 min AZN maaş alanlar var. Daha sonra məhkəmə, hüquq-mühafizə sahəsində maaşlar yüksək olur. Cənab prezident rüşvətin qarşısının alınması məqsədilə orada maaşları kifayət qədər artırıb. Bu sahədə 5-6 min AZN əməkhaqları var”.

Vahid Əhmədov deyir ki, Azərbaycanda 2023-cü ildə orta aylıq əməkhaqqı 800 AZN olaraq planlaşdırılır. Bu reallığa yaxındır, lakin elə sahələr var ki, orada maaşlar aşağıdır.

Deputat onu da əlavə etdi ki, ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə xaricdən gətirilən mütəxəssislərə daha çox maaş ödənilir, nəinki yerli əməkdaşlara:

“Bu cür hallarla bağlı bizə çoxsaylı müraciətlər daxil olub. İnsan hüquqları üzrə müvəkkilimiz, vəkillərimiz də bununla bağlı müəyyən işlər görür, görüşlər keçirir. Ona görə də, ölkə vətəndaşları öz peşə təhsillərini gücləndirməlidir ki, xaricdən mütəxəssis gətirilməsin”.

 

 

Mədənçıxarma sektorunda əməkhaqqı - 4000 AZN, 3300 AZN, 2130 AZN, 1500 AZN …

 

Mövzu ilə bağlı saytımıza danışan iqtisadçı Eldəniz Əmirov isə deyir ki, Azərbaycanda ötən il ən yüksək əməkhaqqı mədənçıxarma sektorunda olub:

“Bu sahədə çalışanların orta aylıq maaşı 3300 AZN təşkil edib. Sektorda özəl şirkətlərdə çalışanların maaş ortalaması 4000 AZN, dövlət şirkətlərində çalışanların isə maaşı 2130 AZN olub. Lakin, bu say azdır, ölkə üzrə 35 min nəfərə yaxındır.

Sonrakı yerləri maliyyə və sığorta sektoru tutur. Burada orta aylıq əməkhaqqı 2 min manatdan bir qədər artıqdır. Üçüncü yerdə digər sahələr gəlir. Əsasən peşə, elmi-texniki fəaliyyət istiqamətlərində orta aylıq əməkhaqqı 1500 AZN-ə qədərdir”.

İqtisadçı sonda qeyd etdi ki, ölkədə muzdla çalışanların 52%-i dövlət sektorunda, 48%-i özəl sektorda çalışır ki, bu da yaxşı hal deyil. Eyni zamanda, muzdla çalışanların sayı ilə iqtisadi fəal əhalinin sayı arasında kəskin fərq mövcuddur:

“Təsəvvür edin ki, 5,3 milyon insan iqtisadi fəal şəxs hesab olunur. Bunun cəmi 1 milyon 734 min nəfəri muzdla çalışır. Yəni, muzdlu işçilər ümumi iqtisadi fəal əhalinin cəmi 30%-ni təşkil edir”.