Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan Respublikasında diplomatik fəaliyyətini başa vuran İran İslam Respublikasının səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ARMENPRESS məlumat yayıb. 

Zohurinin Ermənistanın çətin dövründə fəaliyyətə başladığını qeyd edən Mirzoyan səfirin Ermənistan və İran arasında qarşılıqlı anlaşma və münasibətlərin dərinləşməsinə töhfə verməkdə yüksək xidmətləri olduğunu bildirib. 

Diplomatlar iki ölkə arasındakı əməkdaşlığın gündəmindəki müxtəlif məsələləri müzakirə edib, siyasi dialoqun səviyyəsini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, yüksək əməkdaşlıq niyyətləri regional çağırışların öhdəsindən gəlmək istəyindən, həmçinin iki xalq arasında tarixən formalaşmış dostluq əlaqələrindən qaynaqlanır.

Qarşılıqlı maraq doğuran iqtisadi layihələrin həyata keçirilməsinə və ikitərəfli ticarətin inkişafı üçün mövcud potensialdan istifadəyə yönəlmiş addımlar diqqətə çatdırılıb.

İki ölkənin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına baxışı və bu istiqamətdə səylərinə də toxunulub.