ABŞ-dan Tayvana yeni bir dövlət səviyyəli səfərin planlanması Çin-ABŞ münasibətlərindəki gərginliyi yenidən artırır.

İqtisadiyyat.az xəbər verir ki, "Financial Times"də yer alan xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin Çin üzrə səlahiyyətli nümayəndəsi Maykl Keys yaxın günlərdə Tayvanı ziyarət edəcək.

Bununla da ötən ilin avqust ayında gərginliyi üst səviyyəyə çıxaran Nensi Pelosi səfərindən sonra 40 il içində Tayvanı ikinci dəfə bir ABŞ rəsmisi ziyarət etmiş olacaq.

ABŞ prezidenti Co Bayden isə hava şarı böhranını müzakirə etmək üçün Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşmək niyyətində olduğunu deyib. O qeyd edib ki, ABŞ Çin ilə rəqabəti  məsuliyyətli şəkildə idarə edəcək və rəqabəti böhrana çevirməyəcək.

Həmçinin qeyd edək ki, Çin qısa müddət əvvəl Tayvana silah satdığı üçün ABŞ-ın iki şirkətinə sanksiya tətbiq edib. Bildirilib ki, bu şirkətlərin Çində yatırım etməsi və bu şirkət rəsmilərinin Çinə girişi qadağan edilir.