1916-cı ilin fevralında yazılan və göndərilən məktub 100 ildən çox vaxt keçəndən sonra İngiltərənin London şəhərinin cənubundakı bir mənzilə çatıb və evin indiki sahibini təəccübləndirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, zərfin üzərindəki möhürdə Birləşmiş Krallığın 9-cu kralı, V Corcun başının təsviri var. 

Yerli tarix jurnalının redaktoru Stiven Oksfordun araşdırmasına görə, məktub yerli marka maqnatı Osvald Marş tərəfindən həyat yoldaşı Keti Marşa göndərilib. Osvald Marş marka saxtakarlığı hallarında tez-tez ekspert şahidi kimi dəvət olunan məşhur möhür satıcısı idi.

Məktub bu sözlərlə başlayır: "Əzizim Keti, mənə kömək edə bilərsən? İclasda dediyim sözlərdən sonra özümdən çox utanıram". 

Mənzilin hazırki sahibi Finlay Glen mediaya verdiyi açıqlamada qeyd edib ki, məktub onların evinə 2021-ci ildə gəlib. Bu haqda mediaya danışmağa isə indi qərar verib. F.Glen məktubun 100 ildən çox müddətdə necə və harada qaldığına dair heyrətini ifadə edib.  

Krallığın mərkəzi poçt idarəsindən bu cür halların çox unikal olduğu, amma məktubun niyə indi ünvana çatdığını anlaya bilmədikləri bildirilib. 

Mənbə: The İndependent