İspaniya Yepiskop Konfransı ölkədəki Katolik Kilsəsində uşaqların cinsi istismarı hallarını araşdıran "Uşaqları qoruyaq: irəliləməyə davam edirik" adlı hesabatını təqdim edib. İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hesabatda 1940-cı ildən bu yana İspaniyadakı Katolik Kilsəsi daxilində cinsi istismara məruz qalan 927 uşaqla bağlı şikayət alındığı qeyd edilib. Həmçinin qurbanların 82,62 %-nin oğlan, 17,38 %-nin isə qız olduğu bildirilir.

Hesabatda o da qeyd olunub ki, cinsi istismar hadisələrinin 75 %-i 1990-cı ildən əvvələ aiddir və bu halların böyük əksəriyyəti 1960-1980-ci illərdə aşkar edilib. Konfrans rəsmiləri 1940-cı illərdən bəri uşaqlara qarşı cinsi istismar hadisələri ilə bağlı 728 dini məmura qarşı ümumilikdə 927 şikayət aldıqlarını açıqlayıb.

Əksəriyyəti məktəb mühitində cinsi zorakılıq törətməkdə günahlandırılan 728 din məmurunun 52 %-nin din xadimi olduğu, 208 nəfərinin isə keşiş olmadığı məlum olub. Cinayətkarların 63 %-i isə uzun müddət əvvəl dünyasını dəyişib. 

Kilsədə cinsi zorakılıq hallarına dair sənədi ilk dəfə dərc edən İspaniya Yepiskop Konfransı keçmişin ağrılı hadisələrindən dərs aldıqlarını və üzr istədiklərini qeyd ediblər. Konfrans rəsmiləri onu da əlavə ediblər ki, cinsi zorakılığa son qoymaq üçün kilsə daxilində təlimlər keçirilir və əksəriyyəti uşaq olmaqla 150 000-ə yaxın şəxs müvafiq kurslara cəlb edilib. 

Bəzi qeyri-hökumət təşkilatları İspaniyada 2021-ci ilin sonundan bəri gündəmdə olan Katolik Kilsəsi daxilindəki cinsi zorakılıq hallarının diktatura dövrü (1936-1974) nəzərə alınarsa, faktiki olaraq 100 minə çata biləcəyini iddia edir.