Azərbaycanda son günlər internetin sürətinin zəif olması ilə bağlı ictimaiyyətdə məlumatlar yayılıb. İstehlakçılar bir müddət əvvəl internetin qiymətində edilən dəyişikliklərdən sonra sürətində də zəiflik yarandığını iddia edirlər. İnternetin sürətinin zəif olması iddiası isə müəyyən narazılıqlara səbəb olub. Çünki aidiyyəti qurumlar qiymət artımını göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə əlaqələndiriblər. Bəs internet problemi niyə həllini tapmır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, internetin qiyməti artırılsa da, keyfiyyətin yüksəlmədiyi müşahidə edilir.

İnternetin sürətinin aşağı olması barədə narazılıqların hələ də qaldığını söyləyən E.Hüseynovun sözlərinə görə, bu məsələdə istehlakçılara seçim hüququ verilməlidir: “Kim hansı tezlikdə internet istəsə, ona uyğun ödəniş edib internetə çıxış əldə etməlidir. Lakin biz görürük ki, burada internet provayderləri öz şərtlərini istehlakçılara diktə edir və müəyyən qiymətlər təyin edirlər”.

İKT üzrə ekspert Elvin Abbasov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə son günlər internetlə bağlı insanların şikayətləri sosial şəbəkələrdə və televiziyada sosial sorğularda geniş şəkildə müşahidə olunur.

Onun sözlərinə görə, əslində, burada bir neçə texniki səbəblərdən danışmaq olar: “İlk olaraq qeyd edim ki, internet limitlərinin 100 Mbit/s-ə artırıldıqdan sonra kütləvi şəkildə vətəndaşların şikayəti təbiidir. Çünki bir çox modemlər köhnədir, yəni 7-8 il əvvəl alınan modemlərdir. Onların 100 meqabiti dəstəkləməməsi ehtimal edilir. Yaxud o modemlər 100 meqabiti dəstəkləsə də, düzgün tənzimləmələr üçün onlara yenidən baxış keçirilməsinə zərurət yarana bilər. Bununla yanaşı, ehtimal olunur ki, bəzi provayderlər də düzgün xidmət göstərə bilmirlər, yəni paylayıcıları düzgün bölgü edə bilmirlər və ya hər hansısa texniki səbəbdən öz abunəçilərini razı sala bilməirlər. Bütün bu səbəblərin fonunda hər bir halda texniki baxış keçirilməlidir”.

“Ümumiyyətlə, daxil olan internet kabelini modemdən ayırsaq və cihazı internet olmadan işlək hala gətirsək, onun Wi-Fi qurğusunun ötürücü siqnallarının əhatəsi və radiusu dəyişməyəcək. Ona görə də modemin Wi-Fi siqnallarının içərisindəki internetlə heç bir əlaqəsi yoxdur. İstifadəçilərin aldıqları limit və paket çərçivəsində modemin Wi-Fi siqnalları harada zəif çəkirsə, orada internet zəif olmalıdır, harada güclü çəkirsə, orada internet güclü olmalıdır. Bunun kimi bir çox səbəblər var ki, texniki müstəvidə baxış keçirilməlidir və problemlər öz həllini tapmalıdır. Ümumiyyətlə, yaxşı olardı ki, istifadəçilər internetin kabelini modemdən ayırıb noutbuk və ya kompüterlə “speed test”lə (sürət testi) internet sürətini tam ölçsünlər və çöldən gələn internetin ilk olaraq həcmini öyrənsinlər. Modemdə də müxtəlif nasazlıqlar ola bilər. İstənilən halda bütün problemlər texniki müstəviyə əsaslanır və texniki müstəvidə də həlli var”, - mütəxəssis E.Abbasov əlavə edib.

 

Sadiq Cavadov