"Depozit gəlirindən vergi tutulması bankların fəaliyyətinə neqativ təsir göstərib".

 

Bu sözləri Azərbaycan banklarının Mərkəzi Bankdakı vəsaitlərinin 1% azalmasının səbəblərinə toxunan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bankların sağlamlaşdırılması üçün islahatların həyata keçirilməsi vacibdir. Əks halda fəaliyyəti qüsurlu olan banklar sıradan çıxa bilər:

 

 

"Mərkəzi Bankdakı vəsaitlərin azalması o deməkdir ki, bankların depozitləri azalıb. Bu ilin əvvəlində qəbul olunan qərara əsasən, vətəndaşlar bank kartları üzrə vəsait qalığına hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi ödəməlidirlər. Bu isə depozitlərdən əldə olunan gəlirin azalmasına yol açıb. Çünki vətəndaşlar daha az gəlir əldə etmək istəmirlər. Nəticədə  bankların Mərkəzi Bankdakı hesablarında hansısa problem olarsa, həmin depozitlərin sığortalanması və geri qaytarılması   məqsədilə mövcud olan vəsaitlərin həcmində azalma müşahidə olunur. Statistik məlumata görə, Azərbaycan banklarının Mərkəzi Bankdakı vəsaitləri ötən il mayın 1-i ilə müqayisədə 1,1% azalıb. 

Ölkədə inflyasiyanın mövcudluğunu və  qlobal iqtisadi böhran fonunda manatın alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alsaq, Mərkəzi Bankdakı bankların maliyyə vəsaitləri aşağı düşüb. Bu baxımdan  MB-nin son iclasında bir sıra yeni qərarlar qəbul olunub. Eyni zamanda qanunvericilikdə Mərkəzi Bankın səlahiyyətlərinin daha da artırılması ilə bağlı müddəalar öz yerini tapıb. Bankların depozit portfelinin artması, o cümlədən müxtəlif istiqamətlər üzrə fəaliyyətinin güclənməsi üçün əlavə dəyişikliklər edilməlidir. Mərkəzi Bank bugünə qədər tənzimləyici rol oynadığı üçün banklara birbaşa müdaxilə edə bilməyib. Yeni qərarlardan sonra Mərkəzi Bankın birbaşa müdaxilə səlahiyyəti olacaq. Bu isə bank sektorunun sağlamlaşmasına və hazırda mövcud olan neqativ proseslərin aradan qaldırlmasına imkan verəcək". 

Gülşən Şərif