Xəzər rayonu ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərışıq" bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, məqsəd paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması və gərginlik düşkülərinin aradan qaldırılmasıdır.

Layihə çərçivəsində eyni zamanda yeni güc mərkəzlərinin yaradılması da nəzərdə tutulub.

"Azərışıq" sözügedən işləri “Azelektro Service Co” MMC-yə həvalə edib və şirkətlə 3,2 milyon manat dəyərində müqavilə də bağlanıb.

Qeyd edək ki, Xəzər rayonunda məskunlaşma sayı artdığından elektrik enerjisinə tələbat da çoxalıb. Buna görə də xətlərdə tez-tez yüklənmələrin baş verməsi hallarına rast gəlinir.