Məlum olduğu kimi, bir həftə əvvəl Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır. Mərkəzi Bankın uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə əlaqədardır. Çünki kedit faizlərinin endirilməsi əhalini maraqlandıran əsas məsələlərdən biridir.

Kredit faizləri hansı hallarda endirilə bilər?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında kredit faiz dərəcələrinin müəyyənləşdirilməsinin iki amildən asılı olduğunu deyib.

Onun sözlərinə görə, bunlardan birincisi, banklar üçün kreditin maya dəyəri, yəni bankların özlərinin o vəsaiti hansı faizlə götürmələridir. Ekspert deyir ki, kredit faiz dərəcələrinin müəyyənləşdirilməsində ikinci amil kredit riski, yəni kreditin qaytarlımaması, yaxud da qaytarılmasında problemlərin yaranması ehtimalıdır:

“Birinci məsələ kredit məbləğinin bank üçün maya dəyəridir. Yəni bank öz pulunu vermir, o da kimdənsə götürür. Kimdən götürür? Ya əhalidən əmanət götürür, ya da Mərkəzi Bankdan kredit əldə edir. Göründüyü kimi, bankların iki əsas mənbəsi var. Əhalidən əmanətlər 10-12 faizlə götürülür. Bank əgər əhalidən 10-12 faizlə kredit götürürsə, o, təbii ki, həmin faizin üzərinə əlavələr edib verməlidir ki, xərcini bağlasın, işçiyə maaş versin, üstəlik qazanc əldə etsin. Azərbaycanda yalnız kredit faizləri baha deyil, əmanət faizləri də yüksəkdir. Məsələn, tez-tez Avropada kredit faizlərinin aşağı olduğunu deyirlər. Çünki orada əmanət faizləri də aşağıdır (1-2%). Bizdə isə əmanətin faizi 10-12%-dir. Kim gedib banka 1-2%-lə əmanət qoyacaq? Ümumiyyətlə, bizdə faizlər yüksəkdir. Eyni zamanda Mərkəzi Bankdan da kredit götürmək banklara baha başa gəlir. Üstəlik, banklar girov da qoymalıdırlar”.

Ə.Həsənovun sözlərinə görə, kreditin qaytarılmama ehtimalı riski də faizlərin dərəcəsi məsələsində mühüm rola malikdir: “Bəli, bu risklər də böyükdür. Çünki birincisi, Azərbaycanda əhalinin, sahibkarların iqtisadi aktivliyi get-gedə azalır. Deməli, onların ödəniş qabiliyyəti də aşağı düşür. Bu da kredit riskini artırır. Belə olan halda krediti verən də riskləri gözə almalı olur. Məsələn, banklar ödənilməyən kreditlər üçün məhkəmə, vəkil, icra məmuru, rəsmi və qeyri-rəsmi xərclərini hesablayır. Banklar bunları göz önünə alırlar və buna görə də faizləri də yüksək edirlər. Kredit faizlərinin aşağı düşməsi üçün bütün bu məsələlər həll edilməlidir. Bu da yaxın illərin məsələsi deyil”.

 

Sadiq Cavadov