Alman enerji avadanlığı istehsalçısı “Siemens Energy” üçüncü maliyyə rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalis zərərini kəskin şəkildə azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.

Qeyd olunub ki, aprel-iyun aylarında şirkətin xalis zərəri bir il əvvəlki 2,93 milyard avro ilə müqayisədə 142 milyon avro təşkil edib. Şirkətin gəliri 17% artaraq 8,8 milyard avroya çatıb.

Məlumata görə, “Siemens Energy”nin son rübdə yeni sifarişlərinin həcmi 30% azalaraq 10,36 milyard avro təşkil edib.

“Siemens Energy” 2020-ci ildə “Siemens AG” sənaye konserninin qaz, kömür və külək elektrik stansiyaları üçün avadanlıq istehsalı üzrə biznesinin müstəqil şirkətə bölünməsi nəticəsində yaranıb. Şirkət, demək olar ki, bütün enerji zəncirində fəaliyyət göstərir: enerji istehsalı və ötürülməsindən tutmuş saxlanmaya qədər. “Siemens Energy” istehsalına qaz və buxar turbinləri, hidrogen hibrid elektrik stansiyaları, generatorlar və transformatorlar daxil olmaqla həm ənənəvi, həm də bərpa olunan enerji texnologiyaları daxildir.

Şirkət 90-dan çox ölkədə təmsil olunur və 92 mindən çox işçisi var.

“Siemens Energy”nin səhmləri çərşənbə günü ticarətdə 2% artıb. Şirkətin kapitallaşması bu ilin əvvəlindən iki dəfədən çox artıb.

 

Sadiq Cavadov